AZ

Mövsüm dəyişiklikləri zamanı xəstəlik riski artır – İlqar Hüseynli

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin və mövsümi qrip hallarının artması müşahidə oluna bilər. Bu səbəbdən bayram günlərində əhalinin sağlamlığını qorumaq üçün gigiyena qaydalarına riayət etməsi, izdihamlı məkanlardan mümkün qədər uzaq durması və fərdi qoruyucu vasitələrdən istifadə etməsi xüsusi əhəmiyyət daşıyır.

Mövsümlərarası keçid dövrlərində insan orqanizmində müxtəlif sağlamlıq problemlərinin yaranma ehtimalı yüksəlir. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bu barədə QHT.az-a olan açıqlamasında bildirib.

İlqar Hüseynli bildirib ki, xüsusilə qışdan yaza və yaydan payıza keçid dövrlərində hava şəraitinin kəskin dəyişməsi orqanizmin adaptasiya prosesinə mənfi təsir göstərir. Onun sözlərinə görə, bu dəyişikliklər nəticəsində respirator xəstəliklər və qrip halları daha geniş yayılır.

İ.Hüseynlinin sözlərinə görə, “mövsüm dəyişiklikləri zamanı insan orqanizmi alışdığı mühitdən fərqli şəraitə düşdüyü üçün kəskin respirator xəstəliklərin artması müşahidə olunur”.

Sədr vurğulayıb ki, yaz mövsümünə keçid zamanı havaların qeyri-sabit keçməsi və bitkilərin çiçəklənməsi allergik reaksiyaların çoxalmasına səbəb olur. Bu isə xüsusilə həssas şəxslər üçün əlavə risk yaradır.

İlqar Hüseynli qeyd edib ki, “Yaz aylarında bitkilərin tozlanması fonunda allergik xəstəliklərin yayılması insanların sağlamlığında ciddi problemlərə gətirib çıxara bilər”.

Ekspert əlavə edib ki, Səhiyyə Nazirliyinin mövsümi xəstəliklərlə bağlı verdiyi məlumatlar reallığı əks etdirir və bu hallar məhz mövsüm dəyişiklikləri ilə bağlıdır.

Sədr vurğulayıb ki, bu dövrdə qoruyucu tədbirlərə əməl etmək vacibdir. Onun sözlərinə görə, mövsümə uyğun qidalanma, geyim seçiminin hava şəraitinə uyğunlaşdırılması və zəruri hallarda virus əleyhinə preparatlardan istifadə keçid dövrünü daha təhlükəsiz keçirməyə kömək edir.

İ.Hüseynli bildirib ki, yoluxma riskinin yüksək olduğu mühitlərdən uzaq durmaq, zəruri hallarda isə maska və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur.

Fatimə Nəbiyeva

Seçilən
54
qht.az

1Mənbələr