Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran ilə ABŞ arasında baş verən hərbi gərginlik qlobal bazarlara təsirsiz ötüşmür. Xüsusilə idxaldan asılı olan avtomobil ehtiyat hissələri sektorunda bu prosesin nəticələri artıq hiss olunmağa başlayıb. Geosiyasi risklərin artması tədarük zəncirində ləngimələrə və daşınma xərclərinin yüksəlməsinə səbəb olur. Bu isə bazarda həm qiymət artımı, həm də müəyyən məhsullar üzrə qıtlıq ehtimalını gücləndirir. Mövcud vəziyyətin uzunmüddətli təsirlərinin nə olacağı isə əsas müzakirə mövzularından birinə çevrilib.Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, bunun əsas səbəbi regionun mühüm logistika və tranzit qovşağı olmasıdır:“Belə vəziyyətlərdə ilk zərbə daşınma zəncirinə dəyir. Marşrutların dəyişməsi, sığorta xərclərinin artması və bəzi yolların riskli elan olunması logistikanı həm bahalaşdırır, həm də ləngidir. Bu isə ehtiyat hissələrinin ölkəyə girişini çətinləşdirir. Azərbaycan bazarında satılan ehtiyat hissələrinin böyük hissəsi ya birbaşa, ya da dolayı şəkildə region üzərindən daşınır. Bu zəncirdə hər hansı qırılma dərhal bazarda hiss olunur. Xüsusilə sürətlə satılan və tez-tez dəyişdirilən hissələrdə qıtlıq daha tez yaranır. Qiymət artımı isə demək olar ki, qaçılmazdır. Bəzi satıcılar bazarda qıtlıq ehtimalını nəzərə alaraq əvvəlcədən qiymətləri qaldırır”.O bildirib ki, əsas logistika xətləri məhdudlaşarsa, yük daha uzun və bahalı yollarla daşınır:“Bu isə təkcə qiymətə yox, həm də çatdırılma müddətinə təsir edir. Nəticədə servis və təmir sahəsində gecikmələr artır. Artıq idxalçılar yeni tədarük mənbələri axtarmağa başlayacaq, daha çox Türkiyə, Çin və Avropa istiqamətlərinə yönəlmə arta bilər. Bu isə bazarda məhsul çeşidinin dəyişməsinə səbəb ola bilər. Keyfiyyət məsələsi də aktuallaşır. Qıtlıq dövründə bazara daha ucuz və keyfiyyəti şübhəli ehtiyat hissələrinin daxil olma riski yüksəlir. Bu isə avtomobillərin texniki vəziyyətinə və yol təhlükəsizliyinə mənfi təsir göstərə bilər”Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.