AZ

“Müxalifət yeni “sentyabr müharibəsi” hazırlayır” -Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki müxalif qüvvələri hakimiyyətə gələcəkləri təqdirdə, yeni hərbi münaqişəni stimullaşdırmaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, bu gün keçirdiyi brifinqdə Paşinyan müxalifətin sülh gündəmini yenidən nəzərdən keçirmək planlarının qaçılmaz müharibə ilə nəticələnəcəyini bildirib.

O, bu təhlükənin xüsusilə cari ilin payızında reallaşa biləcəyini vurğulayıb:

“Onlar sülhə qarşı olmadıqlarını deyirlər, lakin hakimiyyətə gələrlərsə, sülh müqaviləsini yenidən nəzərdən keçirəcəklərini bildirirlər. Bu isə müharibə deməkdir! Onların bir hissəsi hətta nə dediklərini belə başa düşmürlər, çünki bu mətnlər başqa yerlərdə yazılıb, onlar isə sadəcə səsləndirirlər. Analizlərimiz göstərir ki, onlar sentyabrda ağır nəticələri olacaq yeni “sentyabr müharibəsi” hazırlayırlar”.

Baş nazir həmçinin əlavə edib ki, sülh gündəminin reviziyası Ermənistan üçün təkcə ərazi itkisi deyil, həm də suverenliyin tamamilə itirilməsi riskini daşıyır. O, müxalifət nümayəndələrini xarici ölkələrin maraqlarına xidmət edən “emissarlar” adlandırıb.

Qeyd edək ki, Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində siyasi gərginlik pik həddə çatıb.

 

Seçilən
80
1
redaktor.az

2Mənbələr