AZ

ABŞ 600-dən çox "Tomahawk" daşıyan sualtı qayıqları istismardan çıxarır

ABŞ Hərbi Dəniz Qüvvələri “Ohayo” sinifindən olan dörd sualtı qayığı istismardan çıxarmağa hazırlaşır. Bu sualtı qayıqların hər biri 154-ə qədər “Tomahawk” qanadlı raketi daşımaq qabiliyyətinə malikdir. Nəticədə 2026–2028-ci illər arasında donanma ümumilikdə 616 buraxılış qurğusunu itirəcək. Bu, xüsusilə İranla bağlı əməliyyatlar zamanı raket ehtiyatlarının sürətlə tükəndiyi bir dövrə təsadüf edir. 

HİT.az xəbər verir ki, bu barədə “19FortyFive” yazır.

“Epik qəzəb” əməliyyatının ilkin mərhələsində ABŞ əsasən “Tomahawk” raketlərinə güvənib. İlk 72 saat ərzində hava hücumundan müdafiə sistemlərini, komanda mərkəzlərini və kritik infrastrukturu məhv etmək üçün 400-dən çox raket buraxılıb.

Lakin istehsal tempi xeyli aşağıdır — ABŞ ildə təxminən 90 belə raket istehsal edir. Bu isə o deməkdir ki, genişmiqyaslı münaqişə zamanı ehtiyatlar onların bərpasından daha sürətlə azala bilər.

“Tomahawk” raketləri mürəkkəb və yüksək dəqiqlikli sistemlərdir və onların istehsalı geniş təchizat zəncirindən asılıdır. Tarixən istehsal az həcmdə həyata keçirilib, kütləvi müharibə şəraitinə uyğun olmayıb.

İstehsalın ildə 1000-dən çox raketə çatdırılması planlaşdırılsa da, bu prosesin tam reallaşması illər çəkə bilər.

Eyni zamanda ABŞ bu raketlərin buraxıldığı əsas platformaları da itirir. 2000-ci illərdə “Tomahawk” daşıyıcılarına çevrilmiş “Ohayo” sinifli sualtı qayıqlar istismar müddətinə görə mərhələli şəkildə silinir. Onların hər biri 30 ildən çoxdur xidmət göstərir və nüvə reaktorları artıq resursunun sonuna yaxınlaşır.

Bu sualtı qayıqlar yüksək atəş gücünü bir nöqtədə cəmləşdirmək baxımından unikal imkanlar yaradırdı və onların alternativlərlə əvəzlənməsi çətindir.

Beləliklə, ABŞ eyni anda iki ciddi problemlə üz-üzədir: raketləri onları istehsal etdiyindən daha sürətlə istifadə edir və bu raketlərin buraxıldığı əsas platformaların sayını azaldır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu disbalans münaqişələrin genişlənməsi və ya yeni təhlükələrin yaranması halında ciddi risklər yarada bilər.

Samir
 

Seçilən
77
hit.az

1Mənbələr