AZ

“Başqa vaxt bəlkə daha çox etiraz edərdim” – Rəşad Sadıqov

Misli premyer-liqasının 25-ci turunda “Zirə” səfərdə “Karvan-Yevlax”a qalib gəldi - 1:0. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Rəşad Sadıqov media önünə çıxıb.

- Olduqca ağır oyun oldu. Oyuna yaxşı köklənmişdik. Futbolçularımdan razı qaldım. Yevlaxda “Karvan-Yevlax”a qarşı oynamaq çox çətindi. Bu komandanın son oyunlarında yüksəliş var. Son oyunlarda xal da qazanırlar. Oyun planında yaxşıdılar. Bu gün qol vəziyyəti yaratmaqda problemimiz olmadı. Amma istifadə edə bilmirdik. Biranlıq mən də düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçularım əzmkarlıq göstərib iki xal qazandı.

- Əvvəlki mövsümlərdə “Zirə” aşağı pillələrdə olan komandalarla oyunlarda xal itirmirdi. Bu mövsüm belə deyil. Bunun səbəbi arxayınlıqdı?

- Yox, arxayınlıq deməzdim. “İmişli” ilə iki, “Kəpəz”lə bir heç-heçə etmişik. Bir də Şamaxıda bərabərə qalmışıq. O səfəri zəif komanda ilə oyun kimi görmürəm. O komandalar başqa güclülərdən də xal alırlar. Amma düzdü, əvvəl daha inamlı görünürdük. İndi aşağı pillələrdə olan komandaların bacarığı daha yüksəkdi.

- “Araz-Naxçıvan”ın 4-cü pilləyə yüksəlməsi üzərinizdə təzyiq yaratdı?

- Təbii ki. Bunu gözləyirdik. Futbolçuları hazırlamışdıq ki, avrokuboklara düşmək asan olmayacaq. “Araz-Naxçıvan”ın dünənki oyunu çox ağır keçdi, xarakter göstərib qələbə qazandılar. Bizim də bu gün xal itirməyimiz tam real idi. Yarış bu şəkildə gedəcək.

- “Zirə” dördüncü olmasa, mövsümü necə dəyərləndirəcəksiz?

- Mən özüm üçün uğursuz. Avrokuboka düşməsək, mən, futbolçular, rəhbərlik düşünəcəyik ki, qarşımıza qoyduğumuz hədəfə çata bilmədik.

- Nəyi, necə etməlisiz ki, üçüncü pilləyə yüksələsiz?

- Əvvəl etdiklərimizi indi də edirik. Yeni bir şey tək odu ki, rəqiblərimiz güclüdü. Müasir futbolda yeni dəb yaranıb - autdan, künc zərbəsindən kombinasiya qururlar. “Kəpəz”lə oyunda iki standart vəziyyətdən qol buraxdıq.

- “Turan Tovuz”la oyununuz Sumqayıtda olacaq...

- Açığı, çempionatın əvvəlində danışırdıq, kim harda nə qədər olacaq. Tovuzdakı son oyunumuzda qələbə qazanmışıq. Amma “Turan Tovuz” “Azərsun Arena”da bizi məğlub etdi.

- Fasilə idman formanıza necə təsir göstərəcək?

- Yaxşı oynayanda fasilə istəmirsən. Bu ümumi çempionata da aiddi. Qomis, Cibrila, Qismət, Konate zədədən qayıdır. Bu barədə yaxşıdı. Fasilədən dərhal sonra kubokun olması narahatlıq yaradır. Bu vaxt oynamaq məsləhət olub, biz də oynayacağıq. Təqvimimiz qorxulu yuxuya bənzəyir.

- Rəqibin ləğv olunan qolunda siz 4-cü hakimə etiraz etdiz, sonra VAR-a baxdılar. Məncə, siz etiraz etdiz deyə, VAR-a baxdılar. Siz necə düşünürsüz?

- Yox-yox (gülür). Yüngül etiraz etdim. Başqa vaxt bəlkə daha çox etiraz edərdim. Oyundan əvvəl özümü hazırlamışdım ki, sakit olmalıyam. Çünki bu futbolçularıma daha çox faydalı ola bilərdi. Bir kəlmə dedim ki, dinamikada saxlamaq lazım idi. 50/50 epizod olanda başa düşürük. Burda aşkar şəkildə görünürdü ki, rəqib komandanın oyunçusu Konatenin ayağına vurur. 4 dəqiqə oyun dayandı. Düşündük ki, bu bizim ziyanımıza olacaq, amma xeyrimizə oldu.

- Elə düşüncə formalaşıb ki, “Zirə”nin qələbə qazanmasına şərait yaradırlar.

- Şərait yaradırlar? (gülür). Son oyunumuza baxmısız? (gülür). Bilirdim ki, o iki epizodda penalti olsaydı, deyiləcəkdi ki, penaltidi. Olmadı deyə belə dedilər. Bu gün də VAR qolu təsdiqləsəydi, əminəm ki, qolun düz olduğu deyiləcəkdi. Təkcə Rəhim Həsənovu nəzərdə tutmuram. Əcnəbi sədrlər də hakimlərinin tərəfindəydilər. Onları başa düşürəm. Mən 6 ildi bu komandadayam. Bizim xeyrimizə verilən yanlış qərarların biri-ikisi müzakirəyə açıq ola bilər. Amma əleyhimizə olanlardan saatlarla videoçarx olar. Mən ümumən hakimlikdən narazı deyiləm. Müəyyən səhvlər olur. Amma hakimlərin performansı yüksəlib.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
67
football-plus.az

1Mənbələr