AZ

Xuraman Muradova: “Qarabağda qalanan Novruz tonqalları Zəfərin işığı, dirçəlişin əbədi rəmzidir

Bakı, 19 mart, AZƏRTAC

Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış şərəf salnaməsidir. Bu Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də milli iradənin, sarsılmaz inamın və mənəvi bütövlüyün təntənəsidir. Şəhidlərimizin müqəddəs qanı ilə yoğurulan bu torpaqlarda bu gün qalanan Novruz tonqalları həmin şanlı Zəfərin işığını bütün Azərbaycana yayır.

Artıq altı ildir ki, azad Qarabağda və Şərqi Zəngəzurda alovlanan bayram tonqalları yalnız baharın müjdəçisi deyil, həm də qayıdışın, dirçəlişin və tarixi ədalətin bərpasının rəmzinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar birliklərinin fəxri üzvü, Türk Dünyası Qadın Şairləri Birliyinin sədri Xuraman Muradova bildirib.

X.Muradova qeyd edib ki, 2021-ci ildə Şuşanın əzəmətli Cıdır düzündə qalanan ilk tonqal, sonrakı illərdə Suqovuşanda, Talışda, Xankəndində və Ağdərədə, Xanobada davam edən bu ənənə dövlət başçısının birbaşa iştirakı ilə milli yaddaşın və dövlət suverenliyinin təntənəsini ifadə edir.

“Novruz tonqalları önündə səsləndirilən fikirlərdə ifadə olunan qətiyyət və inam bu Qələbənin dərin mənəvi mahiyyətini açır: bu torpaqlarda çatılan hər ocaq şəhidlərimizin əziz xatirəsinə ehtiramın, xalqımızın sarsılmaz birliyinin və dövlətimizin gücünün rəmzidir. Bu alov illərin həsrətini, nisgilini əridərək onu qürura və sevincə çevirən müqəddəs bir işıqdır.

Bu gün Qarabağa gələn bahar yalnız təbiətin oyanışı deyil. Bu bahar – bir millətin ruhunun yenidən doğuluşudur. Azadlıq günəşi altında çiçəklənən bu torpaqlarda hər bir gül, hər bir pöhrə, hər bir yaşıllıq həyatın və ümidin qayıdışını simvolizə edir. Şuşa dağlarının qoynunda bitən xarıbülbül artıq təkcə təbiətin incisi deyil, milli kimliyimizin, mədəni yaddaşımızın və əbədi bağlılığımızın rəmzidir.

Bir zamanlar böyük həsrətlə dilə gətirilən “Novruzu Qarabağda qarşılayaq” arzusu bu gün reallığa çevrilib. Azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri, bərpa olunan şəhər və kəndlər, doğma yurdlarına qayıdan insanların sevinc dolu addımları Qarabağın yeni həyatının təcəssümüdür. Böyük Qayıdış prosesi bu torpaqlara yalnız insanları deyil, həm də ruhu, nəfəsi, həyatın özünü qaytarır.

Zaman keçsə də dəyişməyən bir həqiqət var: Qarabağın azadlığı şəhidlərimizin müqəddəs əmanətidir. Onların ruhu bu torpaqlarda əbədi yaşayır, hər yanan tonqalın alovunda, hər açan çiçəyin nəfəsində öz varlığını hiss etdirir. Bu torpaqlarda ucalan hər işıq onların əziz xatirəsinə ehtiramın təzahürüdür.

Qarabağ bu gün təkcə bərpa olunmur – o, yenidən doğulur, milli ruhun, tarixi yaddaşın və dövlət iradəsinin təntənəsi kimi ucalır. Bu torpaqlarda qalanan hər Novruz tonqalı bir xalqın əyilməzliyinin, birliyinin və qələbəyə olan sarsılmaz inamının rəmzidir. İllər keçəcək, nəsillər dəyişəcək, zaman öz axarı ilə davam edəcək. Lakin Qarabağda alovlanan bu ocaqlar heç vaxt sönməyəcək. Çünki bu alovun hərarəti şəhidlərimizin müqəddəs ruhundan, xalqımızın sarsılmaz iradəsindən və dövlətimizin qüdrətindən güc alır.

Qarabağda artıq bahar sadəcə bir fəslin adı deyil — bu, azadlığın, qürurun və əbədi qayıdışın rəmzidir. Bu torpaqlarda qalanan Novruz tonqalları isə zaman keçsə də sönməyən bir həqiqəti dünyaya bəyan edir: Qarabağ əbədi Azərbaycandır və bu dəyişməz həqiqət olaraq qalacaq!" - deyə Xuraman Muradova fikirlərini yekunlaşdırıb.

 

Seçilən
98
1
azertag.az

2Mənbələr