AZ

qeyri neft sektorunun inkişafına belə TÖHFƏ VERİR KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.

Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda , ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökümətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır.

Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənəd ilə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir.

Azərbaycanın nail olduğu davamlı inkişaf modeli digər heç bir dövlətin inkişaf yoluna bənzəməyən, mövcud təcrübələri təkrarlamayan milli inkişaf modelidir. Belə bir konsepsiyanın daha hansı elementlərlə təkmilləşdirilməsi üzərində araşdırmalar aparılarkən müxtəlif yanaşmalar ortaya çıxır. Belə ki, “makro və mikro səviyyədə, eyni zamanda, sosial səviyyədə azad ticarətin təşviqi istiqamətində əlavə hansı tədbirlər görülə bilər?” sualı ətrafında bir sıra ideyalar maraq doğurur. Ekspertlər hesab edirlər ki, ilk növbədə, regional dəyər zəncirində investisiyanın dəstəklənməsi və regionlararası ticarətin təşviqi iqtisadiyyatın müqayisəli üstünlüklərini meydana çıxara bilər. Bu, eyni zamanda, məhsulların regional paylanmasını və rentabelliliyi asanlaşdırar. Azad bazarın informasiya sistemi, uyğunlaşdırılmış regional ticarət siyasəti, regional bazarların əlçatımlılığı da bu sırada önəmli faktorlardır. Eyni zamanda, regional siyasətin hüquqi və tənzimləyici islahatlar yolu ilə tənzimlənməsi yerli və xarici investorlara daha böyük bazarlara çıxmaq imkanı verə bilər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən nəqliyyat xərclərinin azaldılması, region ərazisində gömrük rəsmiləşdirilməsi üçün standart sənədin hazırlanması kimi tədbirləri qeyd etmək olar. Eləcə də, texniki və peşə təhsilinə sərmayə yatırmaq işçi qüvvəsinin bacarıqlarının özəl sektorun tələblərinə uyğun təkmilləşdirilməsi baxımından vacib addımlardan biridir. Bu, ölkə iqtisadiyyatının daha çox ehtiyac duyduğu müxtəlif peşələr üzrə seminar və treninqlərin təşkili ilə də həyata keçirilə bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Kənan Quluzadə bildirib ki, azad sahibkarlığın inkişafı üçün ilk növbədə bazar mexanizmlərinin sərbəst işləməsi təmin olunmalıdır. Onun sözlərinə görə, liberal iqtisadi model sahibkarların fəaliyyətini genişləndirir, innovasiyaların tətbiqini sürətləndirir və yeni iş yerlərinin açılmasına şərait yaradır.

“vergi yükünün optimallaşdırılması, lisenziya və icazə prosedurlarının sadələşdirilməsi, eləcə də şəffaf və sabit qanunvericilik bazasının formalaşdırılması azad sahibkarlığın təşviqində əsas rol oynayır.

Sahibkar öz fəaliyyətində nə qədər az maneə ilə qarşılaşarsa, iqtisadi aktivlik bir o qədər artar. Bu isə ümumi iqtisadi artımı stimullaşdırır”, – deyə o, vurğulayıb.

K.Quluzadənin fikrincə, liberal iqtisadiyyatın tətbiqi xarici investisiyaların cəlb olunmasını da asanlaşdırır.

“Açıq və rəqabətli bazar mühiti investorlar üçün daha cəlbedici olur və bu da ölkəyə kapital axınını sürətləndirir. Uzunmüddətli perspektivdə azad sahibkarlığın gücləndirilməsi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və dayanıqlı iqtisadi artımın təmin olunmasına xidmət edir”.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
konkret.az

2Mənbələr