AZ

Avropa Sosial Hüquqlar üzrə Yüksək Səviyyəli Konfransda ölkəmizdə aparılan sosial islahatlardan bəhs olunub

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 19 mart, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada keçirilən Avropa Sosial Hüquqlar üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfransın “Əməyin gələcəyi: Yeni istiqamətlərin müəyyən edilməsi” adlı sessiyasında çıxış edən Anar Bayramov Avropa Sosial Xartiyasının sosial hüquqların qorunmasının təməl daşı olduğunu, bugünkü dəyişikliklərin sürəti və miqyasının bu çərçivəni müdafiə etməyi, modernləşdirmə və gücləndirməyi tələb etdiyini bildirib.

Nazir müavini insan kapitalının inkişaf etdirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin mərkəzində dayandığını vurğulayıb. O, son illər Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini, həmin islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə üç dəfədən çox artım olduğunu qeyd edib.

Ölkəmizin sosial sahədə rəqəmsal uğurları, bu sahə üzrə xidmətlərə vahid platformadan çıxış imkanı yaradıldığı, 50-dən çox xidmətin proaktiv təqdim olunduğu, DOST modelinin üstünlükləri diqqətə çatdırılıb. “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün mühüm faydalarından bəhs olunub, bu e-sistemin işçilərin hüquqlarının qorunması baxımından e-nəzarətin tətbiqinə də imkan verdiyi vurğulanıb.

Həmçinin Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60 konvensiyasına qoşulduğu və MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkə olduğu qeyd edilib. Milli əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi sahəsində əldə olunan irəliləyişlər diqqətə çatdırılıb.

Səfər çərçivəsində Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının direktoru xanım Yelena Tsıbırne, Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin Baş katibi Dumitru Pislaru ilə görüşlərdə gələcək əməkdaşlıq, habelə DOST konsepsiyasına maraq göstərən ölkələrdən biri olan Moldovada həmin konsepsiyanın tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Redaksiya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
11
azertag.az

10Mənbələr