AZ

AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartının təqdimatı keçirilib

Martın 18-də Bakıda tədbirlərin təşkili sahəsində müasir ekoloji və idarəetmə yanaşmalarının tətbiqinə yönəlmiş AZS ISO 20121:2026 “Tədbir davamlılığının idarəetmə sistemləri” dövlət standartının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND), eləcə də digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Anar Quliyev bildirib ki, son illərdə Azərbaycan qlobal beynəlxalq tədbirlərə fəal şəkildə ev sahibliyi edir və bu şəraitdə onların planlaşdırılması və keçirilməsi zamanı davamlılıq üzrə beynəlxalq standartların tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan AZS ISO 20121 standartının tətbiqi bu ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində xüsusi aktuallıq qazanır. Belə ki, Forumun əsas tələblərindən biri tədbirlərin təşkilində davamlılıq prinsiplərinin tətbiqidir. “Beynəlxalq təcrübə göstərir ki, davamlı inkişaf prinsipləri əsasında təşkil olunan tədbirlər ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azaldır. Belə olan halda karbon emissiyalarını təxminən 42%, ümumi tullantıların həcmini 44%, kağız tullantılarını 90%-ə qədər, enerji istehlakını isə 60–70% azaltmaq mümkündür”, - deyə Anar Quliyev vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxış edərək, son illərdə ölkəmizdə keyfiyyət infrastrukturunun əsasını təşkil edən standartlaşdırma sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib, xüsusilə beynəlxalq tədbirlərin təşkili zamanı müvafiq prinsiplərin tətbiqində standartların mühüm əhəmiyyət daşıdığını qeyd edib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov bu sənədin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən beynəlxalq ISO 20121:2024 “Event Sustainability Management Systems” standartı əsasında hazırlandığını və ilk dəfə olaraq Azərbaycanın milli standartlaşdırma sisteminə uyğunlaşdırıldığını deyib. Bildirib ki, bu standartın qəbul olunması və tətbiqi Azərbaycanda keçiriləcək növbəti qlobal miqyaslı tədbirlərin təşkilinə töhfə verəcək və yerli mütəxəssislərin fəaliyyətində vahid yanaşmanın formalaşmasını təmin edəcək.

Qeyd olunub ki, AZS ISO 20121 standartı Azərbaycanda tədbirlərin davamlı idarə olunması prinsiplərinin sistemli şəkildə tətbiqi üçün zəmin yaradır. Bu, həmçinin ölkənin qlobal beynəlxalq tədbirlərin təşkili sahəsində potensialını gücləndirəcək və onun davamlı inkişaf prinsiplərinə sadiqliyini bir daha təsdiqləyəcək

Seçilən
0
ikisahil.az

1Mənbələr