AZ

Hörmüz gərginliyi fonunda Orta Dəhliz və Azərbaycan–Türkiyə tandeminin rolu artır - ŞƏRH

Bakı, 19 mart, AZƏRTAC

Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında müşahidə olunan gərginliklər qlobal ticarət və enerji təhlükəsizliyi məsələlərini yenidən beynəlxalq gündəliyin əsas prioritetlərindən birinə çevirib. Dünyada neft və qaz daşımalarının əhəmiyyətli hissəsinin keçdiyi bu strateji su hövzəsində risklərin artması alternativ nəqliyyat və logistika marşrutlarına tələbatı kəskin şəkildə yüksəldib. Belə bir mürəkkəb geosiyasi şəraitdə Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – etibarlı və dayanıqlı alternativ kimi xüsusi önəm qazanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin aktuallığının artması təsadüfi deyil və bu prosesdə Azərbaycan ilə Türkiyənin koordinasiyalı fəaliyyəti həlledici rol oynayır. Bilal Dündar bildirib ki, mövcud qlobal çağırışlar fonunda bu iki ölkənin təşəbbüsləri yalnız region üçün deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

“Orta Dəhliz Şərq ilə Qərb arasında ən qısa və təhlükəsiz nəqliyyat marşrutlarından biri kimi getdikcə daha çox diqqət çəkir. Xüsusilə Çin, Mərkəzi Asiya ölkələri və Avropa arasında yükdaşımaların diversifikasiyası baxımından bu dəhliz böyük üstünlüklərə malikdir. Hörmüz boğazında baş verə biləcək hər hansı bir eskalasiya isə ənənəvi dəniz marşrutlarının etibarlılığını sual altına alaraq Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Azərbaycanın son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi iri infrastruktur layihələri bu marşrutun dayanıqlığını və cəlbediciliyini artıran əsas faktorlardandır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil yolları və rəqəmsallaşdırılmış gömrük sistemi Azərbaycanın regionun əsas tranzit mərkəzlərindən birinə çevrilməsini təmin edib. Bu infrastruktur yalnız yükdaşımaların həcmini artırmaqla kifayətlənmir, eyni zamanda daşınma müddətini və xərclərini də optimallaşdırır. Türkiyə isə Orta Dəhlizin Avropaya inteqrasiyasında açar rol oynayır. Türkiyənin inkişaf etmiş nəqliyyat şəbəkəsi, liman infrastrukturu və Avropa bazarlarına birbaşa çıxışı bu marşrutun effektivliyini tamamlayan mühüm elementdir. Bununla yanaşı, Ankara ilə Bakı arasında mövcud olan strateji müttəfiqlik münasibətləri layihələrin daha sürətli və koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan yaradır”, - deyə ekspert qeyd edib.

Bilal Dündar vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yalnız fiziki infrastrukturla məhdudlaşmır. Eyni zamanda, gömrük prosedurlarının sadələşdirilməsi, vahid tarif siyasətinin formalaşdırılması, rəqəmsal logistika həllərinin tətbiqi və tranzit qaydalarının harmonizasiyası Orta Dəhlizin rəqabət qabiliyyətini artıran mühüm amillərdəndir: “Bu baxımdan iki ölkə arasında siyasi iradə və qarşılıqlı etimad əsas müəyyənedici faktor kimi çıxış edir. Orta Dəhlizin inkişafı region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Bu marşrut vasitəsilə ticarət əlaqələri genişlənir, investisiya axını artır və yeni iş yerləri formalaşır. Eyni zamanda, bu dəhliz geosiyasi baxımdan da mühüm əhəmiyyət kəsb edərək region ölkələrinin müstəqil və balanslaşdırılmış xarici iqtisadi siyasət yürütməsinə şərait yaradır.

Qlobal ticarət sistemində baş verən dəyişikliklər fonunda Orta Dəhliz yaxın illərdə daha da strateji əhəmiyyət qazanacaq. Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində bu marşrutun potensialı maksimum səviyyədə reallaşdırılacaq və o, Avrasiya məkanında əsas ticarət arteriyalarından birinə çevriləcək. Bu isə yalnız regionun deyil, bütövlükdə dünya iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

Seçilən
138
1
azertag.az

2Mənbələr