AZ

Yeni dəyişiklik dövlət orqanlarının fəaliyyətinin daha çevik təşkilinə şərait yaradacaq ŞƏRH

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 mart, AZƏRTAC

Dövlət qulluğu haqqında qanunun əvvəlki versiyasına görə dövlət qulluqçularının əməkhaqqı aşağıdakı tərkib hissələrindən ibarət idi: vəzifə maaşı, maaşa əlavələr və mükafatlar. Əlavələr isə öz növbəsində bir neçə hissəyə bölünürdü, o cümlədən iş stajına görə, dövlət səlahiyyətinə görə və digər əsaslarla. İndi isə yeni dəyişikliklər edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O bildirib ki, mükafat və əlavələr sabit deyildi. Bəzi şəxslər bu əlavələri alırdı, bəziləri isə almırdı. İndi isə bu ödənişlər sabitləşdirilir - vahid əməkhaqqı sistemi yaradılır və sabit əməkhaqqı modelinə keçid edilir. Bu dəyişikliklərin müsbət tərəflərindən biri ondan ibarətdir ki, əvvəllər əlavələr almaq hüququ olmayan şəxslərin də əməkhaqqı artacaq. Məsələn, yeni işə qəbul olunmuş və iş stajı olmayan şəxs əvvəllər staja görə əlavə almırdı, lakin indi onun əməkhaqqında artım nəzərdə tutulur. Bu artım işlədiyi dövlət orqanının kateqoriyasından, ixtisas dərəcəsindən və vəzifəsindən asılı olacaq.

“Digər mühüm məqam isə əməkhaqqının sabitləşdirilməsinin korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi kimi qiymətləndirilməsidir. Əməkhaqqı artdıqca və sabit olduqca, korrupsiya göstəricilərinin azalması gözlənilir. Bu da mühüm tədbir hesab olunur. Bundan əlavə, dövlət qulluqçularının əməkhaqqının ümumi həcmini və əməkhaqqı fondunu proqnozlaşdırmaq daha asan olacaq. Bu isə dövlət orqanlarının fəaliyyətinin daha çevik təşkilinə şərait yaradacaq.

Bu model dünya praktikasında geniş yayılıb. Məsələn, qonşu Gürcüstanda, Şərqi Avropa ölkələrində, eyni zamanda Qərbdə və Cənub-Şərqi Asiya ölkələrində bu cür sistem tətbiq olunur. Bu baxımdan, sözügedən dəyişikliklər yeni əməkhaqqı modelinin tətbiqi kimi mühüm islahat hesab edilir”, - deyə S.Məmmədov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
azertag.az

2Mənbələr