AZ

İran savaşı “Vyetnam müharibəsi sindromuna” çevrilə bilər – Polkovnikdən XƏBƏRDARLIQ  

 “Reuters” agentliyi ABŞ rəsmisinə və müzakirələrlə tanış mənbələrə istinadla ABŞ-nin İrana qarşı əməliyyatını genişləndirmək üçün Yaxın Şərqə minlərlə qoşun yeritməyi düşündüyünü yazıb. İran sahillərinə desant çıxarılmasının da istisna edilmədiyi qeyd olunub.

Xəbərdə deyilir ki, quru qoşunlarının yerləşdirilməsi ilə bağlı hələlik yekun qərar verilməyib, lakin bu variant da müzakirə edilir.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, ABŞ-nin özünün quru qoşunlarını İran ərazisinə yeritməsi ehtimalı azdır. Əgər belə bir addım atılarsa quru əməliyyatı Yaxın Şərqdə son onilliklərin ən böyük və riskli hərbi eskalasiyası olacaq.  Bu ssenarinin nəticələri çox ağır ola bilər:

“ABŞ texnoloji və hava üstünlüyünə malik olsa da, İranın xüsusiyyətləri fərqlidir. İlk növbədə coğrafiya gözardı edilməməlidir. İran ərazisi İraqın ərazisindən 3 dəfəyə yaxın böyükdür. Dağlıq və geniş ərazi ABŞ-nin qoşunları üçün istədikləri nəticəni əldə etməyə ilk növbədə mane ola biləcək amillərdəndir.  İran ərazisində müharibə aparan ABŞ qoşunlarının təminatı məsələsi də problemsiz olmaya bilər. Quru qoşunlarının İran ərazisində əməliyyat keçirməsi İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun sərt cavab zərbələri ilə qarşılanacaq. Sürətli qələbəyə nail olmaq İranda çətin görünür. Müharibə uzunmüddətli və hədsiz sayda canlı qüvvə itkilərilə müşayiət olunan müharibəyə çevrilər. Bu müharibənin regional genişlənmə riskləri də meydana gələ bilər. Bu isə müharibəni regionaldan qlobal təhlükəyə çevirər. Vyetnam müharibəsi və ya İraq müharibəsi sindromuna bənzər vəziyyətin yaranması riski də istisna deyil.

Uzunmüddətli müharibənin İran iqtisadiyyatını çökdürəcəyi ehtimalı yüksəkdir. İqtisadiyyatın çökməsi isə ordunun təminatını böyük təhlükə altına gətirəcək”.

Bununla belə, ekspertin fikrincə, Rusiya və Çin birbaşa müharibəyə girməsələr də, İranı siyasi və texniki baxımdan dəstəkləyə bilər: “İranda quru əməliyyatının  hərbi baxımdan mümkün olmasına baxmayaraq, siyasi və strateji baxımdan ABŞ üçün də çox riskli və qeyri-müəyyən nəticələr doğuracağı ehtimalı daha yüksəkdir”.

 

Etibar Seyidağa,
Musavat.com

Seçilən
56
musavat.com

1Mənbələr