AZ

Yeni dəyişiklik dövlət orqanlarının fəaliyyətinin daha çevik təşkilinə şərait yaradacaq ŞƏRH

Bakı, 19 mart, AZƏRTAC

Dövlət qulluğu haqqında qanunun əvvəlki versiyasına görə dövlət qulluqçularının əmək haqqı aşağıdakı tərkib hissələrindən ibarət idi: vəzifə maaşı, maaşa əlavələr və mükafatlar. Əlavələr isə öz növbəsində bir neçə hissəyə bölünürdü, o cümlədən iş stajına görə, dövlət səlahiyyətinə görə və digər əsaslarla. İndi isə yeni dəyişikliklər edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O bildirib ki, mükafat və əlavələr sabit deyildi. Bəzi şəxslər bu əlavələri alırdı, bəziləri isə almırdı. İndi isə bu ödənişlər sabitləşdirilir - vahid əmək haqqı sistemi yaradılır və sabit əmək haqqı modelinə keçid edilir. Bu dəyişikliklərin müsbət tərəflərindən biri ondan ibarətdir ki, əvvəllər əlavələr almaq hüququ olmayan şəxslərin də əmək haqqı artacaq. Məsələn, yeni işə qəbul olunmuş və iş stajı olmayan şəxs əvvəllər staja görə əlavə almırdı, lakin indi onun əmək haqqında artım nəzərdə tutulur. Bu artım işlədiyi dövlət orqanının kateqoriyasından, ixtisas dərəcəsindən və vəzifəsindən asılı olacaq.

“Digər mühüm məqam isə əmək haqqının sabitləşdirilməsinin korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi kimi qiymətləndirilməsidir. Əmək haqqı artdıqca və sabit olduqca, korrupsiya göstəricilərinin azalması gözlənilir. Bu da mühüm tədbir hesab olunur. Bundan əlavə, dövlət qulluqçularının əmək haqqının ümumi həcmini və əmək haqqı fondunu proqnozlaşdırmaq daha asan olacaq. Bu isə dövlət orqanlarının fəaliyyətinin daha çevik təşkilinə şərait yaradacaq.

Bu model dünya praktikasında geniş yayılıb. Məsələn, qonşu Gürcüstanda, Şərqi Avropa ölkələrində, eyni zamanda Qərbdə və Cənub-Şərqi Asiya ölkələrində bu cür sistem tətbiq olunur. Bu baxımdan, sözügedən dəyişikliklər yeni əmək haqqı modelinin tətbiqi kimi mühüm islahat hesab edilir”, - deyə S.Məmmədov əlavə edib.

Seçilən
65
1
azertag.az

2Mənbələr