AZ

Paket maaş dövrü bitir AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət qulluğunda əməkhaqqı sistemində dəyişikliklər gündəmdədir. Yeniliyə əsasən, dövlət qulluqçularına verilən mükafatlar, müxtəlif əlavələr və müalicə müavinəti ləğv edilərək vəzifə maaşının baza hissəsinə daxil edilir. Bu addım mürəkkəb və qeyri-şəffaf əməkhaqqı mexanizmini sadələşdirməyə xidmət edir. Yeni modelə görə, əvvəl əməkhaqqının 35–45%-ni təşkil edən baza hissə artıq 95%-dən çox olacaq. Kollektiv və fərdi mükafatların ləğvi ilə daha şəffaf və nəticəyönümlü vahid əməkhaqqı sistemi formalaşdırılır. Beynəlxalq təcrübədə tətbiq olunan bu yanaşmanın dövlət qulluğunda motivasiyanı artıracağı, korrupsiya risklərini azaldacağı gözlənilir. Eyni zamanda, əvvəl əlavələrin azlığı səbəbindən aşağı maaş alan yeni dövlət qulluqçuları üçün bu dəyişiklik dövlət sektorunu daha cəlbedici edə və gənc kadrların cəlbinə müsbət təsir göstərə bilər.İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət qurumlarında əmək haqqı sisteminin qurulması, onun ödənilməsi mexanizmi və bu sahədə iştirak edən şəxslərlə bağlı bir sıra yeniliklərə ciddi ehtiyac var:“Bu dəyişikliklər mərhələli şəkildə həyata keçirilməli, ardıcıl olaraq tətbiq olunmalı və real nəticələrini praktikada göstərməlidir. İlkin olaraq dövlət qurumlarında əmək haqqı sistemində aparılan dəyişikliklər kifayət qədər müsbət əhəmiyyət daşıyır. Çünki indiyə qədər əmək haqqına əlavə olaraq müxtəlif mükafatlar, əlavələr, müavinətlər və digər ödəniş növləri mövcud idi. Bu isə əmək haqqı sistemində müəyyən qarışıqlıq yaradır, həmçinin şəffaflıq baxımından bəzi suallar doğururdu. Bu tip ödənişlərin ləğv edilərək əmək haqqının baza hissəsinə daxil edilməsi nəticə etibarilə daha aydın, sadə və şəffaf bir sistemin formalaşmasına gətirib çıxarır. Bu yanaşma əmək haqqının hesablanması və ödənilməsi mexanizmini daha anlaşılan edir, prosedurları sadələşdirir və ümumi şəffaflıq səviyyəsini artırır”.O diqqətə çatdırıb ki, dövlət sektorunda həyata keçirilən bu dəyişikliklər sözügedən sahədə həm şəffaflığın, həm də effektivliyin artmasına ciddi töhfə verəcək:“Bu isə öz növbəsində həm işəgötürənlərdə, həm də işçilərdə müəyyən maraq və motivasiya yaradacaq, əmək münasibətlərində daha sağlam mühitin formalaşmasına səbəb olacaq. Yəni bu dəyişikliklər stimullaşdırıcı mexanizmlərin formalaşmasına zəmin yaradır. Gələcəkdə bu yanaşmanın daha da genişləndirilməsi, digər istiqamətlərdə də tətbiq olunması və ümumilikdə əməkhaqqı sistemində vahid, standart qaydaların və prinsiplərin formalaşdırılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Özəl sektorda bu yanaşma artıq uzun müddətdir tətbiq olunur və müəyyən nəticələrini də göstərib. Belə ki, özəl sektorda işəgötürənlə işçi arasında əməkhaqqı əvvəlcədən konkret və sabit məbləğdə razılaşdırılır. Sonradan isə bayram günləri və ya digər hallar ilə bağlı əməkhaqqına əlavə, qeyri-müəyyən və ya qeyri-şəffaf ödənişlər həyata keçirilmir. Bu sistem daha aydın və daha effektiv işləyir və bu günə qədər özünü doğrultmuş yanaşma kimi qiymətləndirilə bilər. Ümumilikdə gözlənti ondan ibarətdir ki, dövlət sektorunda aparılan bu dəyişikliklər də zaman keçdikcə öz müsbət təsirlərini daha açıq şəkildə göstərəcək və əməkhaqqı sistemində daha şəffaf, daha sadə və daha effektiv bir modelin formalaşmasına səbəb olacaq”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
demokrat.az

2Mənbələr