Yaxın Şərqdə müharibə LNG tədarükünü sarsıdır və dünya energetikasında uzunmüddətli dəyişikliklərə səbəb ola bilər...
Yaxın Şərqdə davam edən müharibə fonunda qlobal qaz bazarında ciddi böhran təhlükəsi yaranıb.
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.
Məlumata görə, dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı zavodlarından biri olan Qətərin Ras-Laffan müəssisəsi İranın dron hücumundan sonra fəaliyyətini dayandırıb. Bu, zavodun 30 illik fəaliyyəti ərzində ilk belə fasilə kimi qiymətləndirilir.
Bildirilir ki, hər həftə bu zavodun işləməməsi dünya bazarında Sidneydəki ev təsərrüfatlarını bir il ərzində elektrik enerjisi ilə təmin etməyə bərabər enerji itkisinə səbəb olur.
Hazırda zərərin miqyası və zavodun yenidən işə salınması üçün tələb olunan bərpa işlərinin həcmi məlum deyil. Lakin müəssisənin fəaliyyətsiz qaldığı hər gün qlobal iqtisadiyyat üzərində enerji yükünü daha da artırır.
Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün vəziyyət daha kritikdir. Bu ölkələr LNG bazarının əsas artım mənbələrindən biri hesab olunur və son dörd il ərzində ikinci böyük qaz böhranı ilə üzləşirlər. Bu isə sənaye tələbatının azalmasına və bəzi hallarda geri dönməz itkilərə səbəb ola bilər.
Analitiklər qeyd edirlər ki, ehtiyat güclərinin, strateji qaz anbarlarının və alternativ enerji mənbələrinin məhdudluğu LNG-ni mövcud böhranın ən həssas sahələrindən birinə çevirir.
Mütəxəssislərin fikrincə, böhran uzandıqca dünya ölkələri üçün əsas çıxış yolu qaz istehlakının azaldılması ola bilər. Bu isə qazın “keçid yanacağı” kimi roluna ciddi zərbə vurur və onun kömürdən bərpa olunan enerjiyə keçiddə əsas vasitə kimi mövqeyini zəiflədir.
Qeyd olunur ki, mövcud vəziyyətin təsiri 2022-ci ildə Ukrayna müharibəsinin başlanması ilə yaranan enerji böhranından daha ağır ola bilər.
MST Marquee şirkətinin enerji analitiki Sol Kavonik bildirib ki, “biz hazırda əminliklə apokaliptik qaz böhranı ssenarisinə doğru irəliləyirik. Müharibə başa çatsa belə, LNG tədarükündə fasilələr aylarla, hətta illərlə davam edə bilər. Bu, bərpa işlərinin nə qədər vaxt aparacağından asılı olacaq”.
Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyət qlobal enerji bazarında struktur dəyişikliklərə gətirib çıxara və uzunmüddətli perspektivdə ticarət axınlarını yenidən formalaşdıra bilər.
Poliqon.info