AZ

Ekspert: Hörmüz böhranı Orta Dəhlizi qlobal ticarətin əsas alternativinə çevirir - ŞƏRH

Bakı, 19 mart, AZƏRTAC

Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında müşahidə olunan geosiyasi gərginlik qlobal iqtisadi sistemə çoxşaxəli təsir göstərməkdədir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, bu proseslər dünya ticarətində risklərin artmasına, enerji və logistika zəncirlərinin yenidən qiymətləndirilməsinə səbəb olur.

“Hazırda dünya üzrə neft ixracının təxminən 20 faizi, mayeləşdirilmiş təbii qazın isə 30 faizə qədəri məhz bu strateji boğaz vasitəsilə həyata keçirilir. Eyni zamanda, kənd təsərrüfatı üçün vacib olan gübrə ticarətinin də mühüm hissəsi bu marşrutdan keçir. Bu baxımdan, Hörmüz boğazı ətrafında hər hansı eskalasiya təkcə enerji bazarlarını deyil, qlobal ərzaq təhlükəsizliyini də risk altına sala bilər. Artıq bazarlarda qiymət artımı müşahidə olunur və bu tendensiya davam edərsə, ilin sonuna doğru ərzaq məhsullarında da ciddi bahalaşma qaçılmaz ola bilər. Belə mürəkkəb geoiqtisadi şəraitdə alternativ və təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyəti kəskin şəkildə artır. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) qlobal ticarət sistemində ön plana çıxır. Xəzər hövzəsi ölkələrinin – Azərbaycan, Qazaxıstan və Türkmənistanın münaqişə zonalarından uzaq coğrafi mövqedə yerləşməsi bu marşrutun dayanıqlığını və etibarlılığını artırır.

Orta Dəhliz artıq yalnız alternativ deyil, strateji zərurətə çevrilməkdədir. Bu marşrut vasitəsilə Çin ilə Avropa arasında yük daşımaları daha qısa müddətdə və daha aşağı risklərlə həyata keçirilə bilir: “Xüsusilə Hind okeanı və Yaxın Şərq marşrutlarının riskli olduğu dövrlərdə Orta Dəhliz ticarətin davamlılığını təmin edən əsas xəttə çevrilir. Orta Dəhliz yalnız yükdaşımalar baxımından deyil, həm də enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu marşrut vasitəsilə Xəzər regionunun enerji resurslarının Avropa bazarlarına çıxışı genişlənir və beləliklə, enerji təchizatının diversifikasiyası güclənir. Azərbaycanın tranzit potensialı son illərdə həyata keçirilən iri infrastruktur layihələri hesabına əhəmiyyətli dərəcədə artıb. Azərbaycan artıq regionda əsas logistika mərkəzlərindən birinə çevrilib. Bu isə ölkəyə həm iqtisadi gəlirlər, həm də geosiyasi dividendlər qazandırır”.

Ekspert bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin əsas logistik qovşaqlarından biri kimi çıxış edir və yaxın illərdə onun buraxılış qabiliyyətinin 25 milyon tona çatdırılması planlaşdırılır.

“Bununla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Avropa ilə birbaşa bağlantı təmin olunur ki, bu da marşrutun rəqabət qabiliyyətini artırır. Son illərin statistikası göstərir ki, Orta Dəhlizə maraq sürətlə artır. Son üç ildə bu marşrutla Azərbaycandan keçən yüklərin həcmi təxminən 90 faiz artıb. 2025-ci ildə isə bu göstərici 16 milyon 909 min tona çatıb. Bu dinamika onu deməyə əsas verir ki, yaxın illərdə Orta Dəhliz qlobal ticarətdə daha böyük paya sahib olacaq. Azərbaycanın nəqliyyat dəhlizlərindən əldə etdiyi gəlirlərin artması da bu tendensiyanın mühüm göstəricisidir. Belə ki, ölkənin tranzit daşımalarından illik gəliri artıq yüz milyonlarla manatla ölçülür və bu gəlirlərdə əsas pay Şərq-Qərb nəqliyyat dəhlizinin üzərinə düşür”, - deyə Samir Heydərov əlavə edib.

 

Seçilən
47
1
azertag.az

2Mənbələr