AZ

Yaxın Şəqrdəki müharibə təbii qazın dəyərini 36%-ə yaxın yüksəltdi - Proqnozlar pessimistdir

BAKI, 19 mart. TELEQRAF

Niderlanddakı TTF mərkəzində aprel ayı üçün təbii qaz fyuçerslərinin qiyməti 35,4% artaraq MVt/saat üçün 74 avroya və ya cari Forex məzənnələri ilə 1000 kubmetr üçün təxminən 891 dollara çatıb.

Teleqraf xəbər verir ki, "Qatar Energy" şirkətinin mayeləşdirilmiş təbii qaz istehsal müəssisələrinin yenidən hava hücumuna məruz qalması barədə xəbərlər bazarda psixoloji təzyiq yaradıb. Belə ki, Qətər dünyanın üç ən böyük LNG ixracatçısından biridir və qlobal istehsalın təxminən 20%-ni təşkil edir. "Qatar Energy"-dən verilən açıqlamaya görə, dəyən ziyan kifayət qədər böyükdür.

Onu da bildirək ki, "Ras Laffan" kompleksi Yaxın Şərq münaqişəsinin əvvəlindən İranın hücumlarının əsas hədəfidir. Buna görə, "Qatar Energy" dünyanın ən böyük zavodunda mayeləşdirilmiş təbii qaz istehsalını dayandırıb.

Ekspertlərə görə, bu, LNG sənayesi üçün "Şimal Axını" boru kəmərinə edilən hücumla müqayisə edilə bilən və ya bəlkə də daha ciddi bir dönüş nöqtəsi ola bilər. Qətərin yaxın zamanda mayeləşdirilmiş təbii qaz tədarükünü bərpa edəcəyinə dair siqnal yoxdur.

"Global Risk Management" şirkətinin baş analitiki Arne Lohmann Rasmussen qeyd edib ki, Qətərin LNG potensialı bir neçə ay, ən pis halda isə illərlə əlçatmaz ola bilər. Ekspertin fikrincə, qaz bazarındakı böhran sadəcə Yaxın Şərqdəki müharibənin bitməsi və Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması ilə bitməyəcək. Belə ki, LNG istehsal kompleksi ciddi ziyan görüb və bu da normal fəaliyyətə qayıtmaq perspektivini gecikdirir.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən dünya son dörd onillikdə ən böyük enerji böhranı ilə üzləşib:

"Mənim fikrimcə, hazırkı vəziyyət, yəqin ki, son 40 ilin ən böyük enerji böhranıdır. 1970-ci, 1990-cı və 2000-ci illərin müharibələri ümumi enerji istehlakının təxminən 4-5%-ni təşkil etsə də, bu gün Yaxın Şərq münaqişəsi 20 milyon barelə təsir göstərir. Bu, cəmi 19 gün əvvəl Hörmüz boğazından gündəlik keçən neft və neft məhsullarının həcmidir”, - deyə o bildirib.

Novak son 30-40 ildə qlobal münaqişələrin enerji resursları uğrunda mübarizələrdən qaynaqlandığını önə sürüb.

O qeyd edib ki, ABŞ silahlı münaqişələrə başlayarkən həmişə əhəmiyyətli enerji ehtiyatlarına malik ölkələr üzərində nəzarəti ələ keçirməyə çalışır:

"Bu ölkələr arasında İran, İraq, Küveyt, Suriya və Liviya var. Mövcud enerji böhranı təkcə resurs çatışmazlığına və nəqliyyat zəncirlərində pozuntulara deyil, həm də qlobal ticarət bazarlarında genişmiqyaslı dəyişikliklərə səbəb olub. Müxtəlif enerji növlərinə tələbatın pik həddə çatacağı proqnozlarına baxmayaraq, bu, növbəti onillikdə baş verməyəcək. Neft, qaz və kömür istehlakı artmağa davam edəcək".

Onu da əlavə edək ki, hərbi əməliyyatlar səbəbindən Qətər və BƏƏ-nin mayeləşdirilmiş təbii qazın (LNG) ixracını dayandırmması əsasən Asiya ölkələrinə təsir göstərir. Analitiklər bildirir ki, Asiya hazırda Yaxın Şəqrdəki münaqişənin təsirini əhəmiyyətli dərəcədə hiss edir. Qətərin mayeləşdirilmiş təbii qazının təxminən 85%-i Çin, Hindistan və Tayvana göndərilir. Qısamüddətli əvəzedici olmadığı üçün onlar digər istehlakçıların, xüsusən də Avropa istehlakçılarının etibar etdiyi təchizatçılara müraciət etməyə məcburdurlar.

Seçilən
83
1
teleqraf.com

2Mənbələr