AZ

"İki ölkənin aktiv diplomatik dialoqu qlobal sabitlik üçün vacib amillərdəndir" - ŞƏRH

"Feysəl bin Fərhan Əl Səud ilə Ceyhun Bayramov arasında baş tutan telefon danışığı müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlığın və siyasi dialoqun əhəmiyyətini bir daha ön plana çıxarır. Xüsusilə Yaxın Şərqdə davam edən mürəkkəb proseslər fonunda belə təmaslar həm sabitliyin qorunması, həm də mümkün risklərin qarşısının alınması baxımından mühüm rol oynayır".

Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, bu danışıq, ilk növbədə, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud olan strateji tərəfdaşlığın göstəricisidir:

"Hər iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyən, siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirən dövlətlər kimi çıxış edir. Xarici işlər nazirləri səviyyəsində aparılan müzakirələr isə bu əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Yaxın Şərqdə baş verən hadisələr – regional münaqişələr, təhlükəsizlik məsələləri və humanitar problemlər – qlobal gündəmin əsas mövzularından biridir. Bu baxımdan Ceyhun Bayramov və Feysəl bin Fərhan Əl Səud arasında fikir mübadiləsi, vəziyyətin qiymətləndirilməsi və mümkün həll yollarının müzakirəsi mühüm əhəmiyyət kəsb edir. Bu cür dialoqlar regionda gərginliyin azaldılmasına və qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verə bilər. Bununla yanaşı, Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasəti bu kimi məsələlərdə özünü aydın şəkildə göstərir. Ölkə müxtəlif regionlarda baş verən proseslərə obyektiv yanaşaraq beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan mövqe nümayiş etdirir. Eyni yanaşma Səudiyyə Ərəbistanı tərəfindən də sərgilənir ki, bu da tərəflər arasında ortaq baxışların formalaşmasına imkan yaradır.

Belə yüksək səviyyəli təmaslar yalnız cari məsələlərin müzakirəsi ilə məhdudlaşmır. Bu görüşlər gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, siyasi əlaqələrin daha da möhkəmləndirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə verilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mövcud geosiyasi şəraitdə Azərbaycan və Səudiyyə Ərəbistanı kimi ölkələrin aktiv diplomatik dialoqu qlobal sabitlik üçün vacib amillərdən biri kimi qiymətləndirilə bilər".

Müəllif: Arzu Qurbanlı
Seçilən
4
1
sia.az

2Mənbələr