AZ

Tramp müharibədən sonra Şərqdə yaranacaq vəziyyətdən çox qorxur...



Abutalıb Səmədov: "ABŞ-ın qarşıya qoyduğu tələblər yerinə yetirilməyib, hərbi əməliyyatlar dayandırılsa, bu məğlubiyyət olacaq"

Yaxın və Orta Şərq uzun illərdir ki, qlobal güclərin rəqabət apardığı əsas regionlardan biri olaraq qalır və burada baş verən hərbi-siyasi proseslər böyük dövlətlərin nüfuzuna birbaşa təsir göstərir. Bu kontekstdə ABŞ-ın İrana qarşı mümkün hərbi-siyasi strategiyasının nəticələri də geniş müzakirə olunur. Xüsusilə belə bir sual aktuallaşır ki, əgər ABŞ rəhbərliyi qarşıya qoyduğu əsas məqsədlərdən birinə - İran rejiminin dəyişdirilməsinə nail ola bilməsə, bu, regionda onun mövqelərinə necə təsir edəcək.

Belə olan halda ABŞ-ın nüfuzunun tam şəkildə çökməsi real görünmür, lakin müəyyən zəifləmənin baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. Çünki beynəlxalq münasibətlərdə güc təkcə hərbi imkanlarla deyil, həm də siyasi iradə və verilən vədlərin yerinə yetirilməsi ilə ölçülür. Əgər yüksək gözləntilərlə başlayan bir proses istənilən nəticəni verməzsə, bu, ABŞ-ın etibarlılığına müəyyən kölgə sala bilər. Xüsusilə region ölkələri üçün bu, ABŞ-ın gələcəkdə nə dərəcədə effektiv və qətiyyətli tərəfdaş olacağı ilə bağlı suallar yarada bilər.

Bu vəziyyətin digər mühüm tərəfi müttəfiqlərin davranışı ilə bağlıdır. Yaxın və Orta Şərqdə bir çox ölkələr təhlükəsizlik məsələlərində ABŞ-a arxalanır. Lakin əgər ABŞ-ın konkret bir münaqişədə istədiyi nəticəni əldə edə bilmədiyi görüntüsü formalaşarsa, bəzi dövlətlər daha balanslı və çoxvektorlu siyasət yürütməyə üstünlük verə bilər. Bu isə o deməkdir ki, onlar yalnız ABŞ-la deyil, digər böyük güclərlə də münasibətlərini dərinləşdirməyə çalışacaqlar. Nəticədə ABŞ-ın regiondakı təsir imkanları nisbi şəkildə azalacaq.

Bununla yanaşı, ABŞ-ın qlobal güc statusunu nəzərə almadan bu prosesi qiymətləndirmək düzgün olmaz. ABŞ təkcə hərbi sahədə deyil, həm də iqtisadi, texnoloji və diplomatik baxımdan dünyada aparıcı mövqelərdən birini tutur. Bu səbəbdən, tək bir uğursuzluq onun ümumi nüfuzunu kökündən sarsıtmaq gücündə deyil. ABŞ müxtəlif alətlər vasitəsilə regiondakı təsirini qorumağa və bərpa etməyə qadirdir.

Nəticə etibarilə, belə bir ssenari ABŞ-ın Yaxın və Orta Şərqdə mövqelərinə müəyyən mənfi təsir göstərə bilər, lakin bu təsir daha çox nisbi zəifləmə xarakteri daşıyacaq. ABŞ-ın regiondan tam kənarlaşması və ya nüfuzunun kəskin şəkildə sıradan çıxması ehtimalı isə aşağıdır. Mövcud vəziyyət daha çox güc balansının qismən dəyişməsi və region ölkələrinin daha çevik xarici siyasət yürütməsi ilə nəticələnə bilər.

Politoloq Abutalıb Səmədov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, hərbi əməliyyatlar ərəfəsində ABŞ nümayəndələri ilə İran təmsilçiləri arasında bir neçə raund danışıqlar aparılmışdı: “ABŞ 4 istiqamətdə tələblər irəli sürmüşdü. Onlardan birincisi İranın nüvə proqramı, ikincisi isə ballistik raketlərlə bağlı idi. Amerika tələb edirdi ki, İran ballistik raketlərin sayını kəskin şəkildə azaltsın və 300 km-dan artıq vuran raketlərə malik olmasın. Üçüncü istiqamət İranın dəstəklədiyi proksi qüvvələrlə bağlı idi. Amerika tələb edirdi ki, İran bundan sonra HƏMAS, Hizbullah, Husilər və digər silahlı qrupları dəstəkləməkdən imtina etsin. Nəhayət, dördüncü istiqamət İranda insan hüquqları ilə bağlı idi: ABŞ nümayəndələri son etirazlar zamanı baş verən hadisələri və bütövlükdə İranda insan hüquqları məsələsini müzakirə etmək istəyirdilər.

İran üç istiqaməti ümumiyyətlə qəbul etmədi, yalnız nüvə proqramı ilə bağlı danışıqlara razılıq verdi. Burada da, demək olar ki, heç bir konstruktiv təklif ortaya çıxmadı. ABŞ ilk növbədə tələb edirdi ki, İran öz ərazisində uranı zənginləşdirməsin, bölgədə ərəb dövlətləri ilə birlikdə konsorsium yaradılsın, uran orada zənginləşdirilərək ortaq şəkildə istifadə edilsin. Məlumdur ki, AES-lərdə istifadə olunan uran 3,7%-ə qədər zənginləşdirilir, dərman preparatlarının istehsalı və səhiyyə məqsədləri üçün isə 20% zənginləşdirilmiş urana ehtiyac var. Bu təkliflər İran tərəfindən qəbul edilmədi.

İkinci təklif 60% zənginləşdirilmiş 440 kq uranla bağlı idi ki, ABŞ həmin uranın ölkədən çıxarılmasını tələb edirdi. Burada da razılığa gəlmək mümkün olmadı. Moskva təklif etdi ki, həmin uran Rusiyaya verilsin, amma nə ABŞ, nə də İran bu təklifi qəbul etdi. Demək olar ki, aparılan danışıqlarda heç bir nəticə əldə olunmadı.

Hərbi əməliyyatlar ərəfəsində bu dörd istiqamətdən başqa beşinci məsələ də ortaya çıxdı. Prezident Tramp bəyan etdi ki, ABŞ-ın məqsədi İran rejiminin dəyişdirilməsidir. Hərbi əməliyyatların məqsədi həmin dörd təklifdən başqa, eyni zamanda rejimin dəyişdirilməsini də hədəfləmək idi. Fevralın 28-də hərbi əməliyyatlar başlandı. İlk baxışdan əməliyyatlar uğurla başladı, İran hakim zümrəsinin əsas hissəsi qətlə yetirildi. Ali rəhbər, müxtəlif hərbi komandirlər, SEPAH ordusunun rəhbəri və ali rəhbərin ailə üzvləri ilk gündə qətlə yetirildi.

Hətta belə bir iddia var ki, əməliyyatın fevralın 28-də başlanması ali rəhbər şəxslərə edilən hücumla bağlı olub. Kəşfiyyat məlumatlarına əsasən bəlli olmuşdu ki, ali rəhbər yaxın ətrafı ilə birlikdə iclas keçirəcək. İsrail həmin məkanı vurmaq qərarına gəlib, ABŞ da buna razılıq verib. Sonrakı günlərdə elan olundu ki, İranın hərbi hava qüvvələri və hərbi dəniz donanması sıradan çıxarılıb".

Səmədov əlavə etdi ki, İran da ABŞ-ın ərəb ölkələrində yerləşən hərbi bazalarına zərbələr endirməklə cavab verib: "Tramp bu günlərdə bəyan etdi ki, artıq İran məğlub olub, ABŞ qalib gəlib və hərbi əməliyyatları dayandırmaq olar. Ancaq əvvəlcədən qarşıya qoyulan tələblərin heç biri yerinə yetirilməyib. Nüvə proqramı ilə bağlı heç bir dəyişiklik yoxdur. Baxmayaraq ki, 440 kq 60% zənginləşdirilmiş uranın xarabalıqlar altında qaldığı söylənilir. İran rəhbərliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələrinin iştirakı ilə uranı çıxaracağını deyir, lakin ondan sonra nə ediləcəyi barədə heç bir açıqlama yoxdur.

Ballistik raketlərlə bağlı isə iddia var ki, onların çoxu məhv edilib, yalnız az bir hissəsi qalib. Lakin bununla bağlı dəqiq məlumat yoxdur. Proksi qüvvələrin bəziləri ABŞ və İsrailə qarşı müharibədə iştirak etdi, amma ABŞ öz məqsədinə nail ola bilmədi. İnsan hüquqları səviyyəsi olduğu kimi qalır. Nəhayət, rejimin dəyişdirilməsi istiqamətində də ABŞ-ın heç bir uğuru yoxdur.

Əgər belə bir şəraitdə hərbi əməliyyatlar dayandırılsa, bu, ABŞ-ın məğlubiyyəti kimi qiymətləndiriləcək. Çünki region ölkələrinin çoxu ABŞ tələblərinə dəstək verib, lakin əməliyyatlar zamanı ciddi zərər çəkiblər. Hərbi əməliyyatların dayandırılması bu dövlətlərin ABŞ-a münasibətinə də mənfi təsir edə bilər. Yalnız hərbi obyektlər zərər görməyib, mülki obyektlər, yaşayış məntəqələri də dağılıb. Ən əsası, sakit və əmin-amanlıq şəraitində yaşayan, kifayət qədər yüksək həyat səviyyəsinə malik ərəb ölkələri adət etdikləri komfortlu həyat şəraitini itiriblər.

Məlum olub ki, ölkənin təhlükəsizlik sahəsində ciddi problemlər var. Bu səbəbdən ən azı İranın Xarq adası ələ keçirilməlidir ki, ABŞ özünün qismən qalib gəldiyini nümayiş etdirə bilsin. Çünki Xarq adası İran üçün müstəsna əhəmiyyətə malikdir. Bu adada yerləşən neft terminalı ölkə iqtisadiyyatında xüsusi rol oynayır. Çünki ixrac edilən neft və neft məhsullarının 90%-i bu adadan göndərilir. İran-İraq müharibəsi zamanı bu terminallara zərbə endirilməsi ölkə iqtisadiyyatına ciddi problemlər yaratmışdı. İranın əsas narahatlığı da budur - ən azı Xarq adasının ələ keçirilməsi ABŞ üçün müəyyən qələbə görüntüsü yarada bilər.

Çoxsaylı quru əməliyyatlarının aparılması üçün ən azı bir milyona yaxın hərbçinin cəlb edilməsi lazım idi ki, uğur şansı yaransın. Lakin ABŞ və müttəfiqləri buna getmək istəmirlər. Kürdləri ayağa qaldırmaq cəhdləri də heç bir nəticə vermədi. Bu səbəbdən ABŞ-ın uğur kimi qəbul edə biləcəyi kiçik nailiyyətlərə ciddi ehtiyacı var. ABŞ üçün indiki şəraitdə müharibəni dayandırmaq yolverilməz sayılır. Əvvəlcədən müharibənin 4-6 həftə davam edəcəyi bildirilsə də, hələlik müharibənin üçüncü həftəsi gedir. ABŞ rəhbərliyi yəqin ki, müharibəni dayandırmağın yanlış olduğunu və bu addımın bölgədə nüfuzuna böyük zərbə vuracağını dərk edir.”

Akif NƏSİRLİ

Seçilən
38
baki-xeber.com

1Mənbələr