Son günlər bölgədə zəlzələlərin sayının artması ictimaiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə sosial şəbəkələrdə belə fikirlər səslənir ki, İrana qarşı mümkün bombardmanlar, o cümlədən ağırçəkili – təxminən, 10 tonluq bombaların istifadəsi yeraltı gərginliyi artıraraq zəlzələləri aktivləşdirə bilər. Bəzi vətəndaşlar isə İran və Azərbaycanın eyni seysmik qurşaqda yerləşdiyini nəzərə alaraq, belə hərbi əməliyyatların Azərbaycanda da güclü zəlzələlərə səbəb ola biləcəyindən narahat olduqlarını bildirirlər.
Bu, nə dərəcə realdır?
Mütəxəsislər Hafta.az-a danışdılar:
"Səthə yaxın partlayışların belə dərin geoloji proseslərə təsir göstərməsi praktiki olaraq mümkün deyil"

İqtisadi-siyasi coğrafiya üzrə mütəxəssis Çingiz İsmayılov bildirib ki, hərbi əməliyyatlar, xüsusilə bombardmanların zəlzələlərin yaranmasına səbəb olması iddiası reallığı əks etdirmir. Zəlzələlər yer qabığının daha dərin qatlarında – adətən, 8–10 kilometrdən başlayaraq, 20–30 kilometr və daha artıq dərinliklərdə baş verir. Bu baxımdan, səthə yaxın partlayışların belə dərin geoloji proseslərə təsir göstərməsi praktiki olaraq mümkün deyil.
Ekspert digər tərəfdən qeyd edib ki, bu məsələ hava kütlələrinin hərəkəti və mümkün təsirlərlə bağlıdır:
“Regionda üstünlük təşkil edən külək istiqamətləri əsasən şimal-qərbdən cənub-şərqə doğrudur. Eyni zamanda, iri sənaye və enerji obyektlərinin, o cümlədən neft infrastrukturlarının və bəzi hərbi hədəflərin böyük hissəsi İranın daha çox mərkəzi və cənub bölgələrində yerləşir. Bu ərazilərə Tehran, İsfahan, Şiraz, Bəndər-Abbas və Kermanşah kimi şəhərlər daxildir. Bu səbəbdən, mümkün partlayışlar və ya zərbələr nəticəsində yaranan hava çirklənməsi əsasən həmin bölgələrdə və cənub istiqamətində yayılma ehtimalına malikdir. Atmosfer sirkulyasiyası və məsafə amili də burada mühüm rol oynayır”.
O cümlədən bu müharibənin Azərbaycana seysmik, ekoloji təsirlərə diqqət çəkib:
“Tehran ilə Azərbaycan sərhədi arasında, təxminən, 500 kilometr məsafə mövcuddur. Bu məsafə və relyef xüsusiyyətləri, o cümlədən Əlburz dağları kimi dağ sistemləri hava kütlələrinin birbaşa və intensiv şəkildə şimal istiqamətinə daşınmasını xeyli məhdudlaşdırır. Nəticə etibarilə, həm geoloji, həm də meteoroloji baxımdan qiymətləndirdikdə, qeyd olunan proseslərin Azərbaycana ciddi və birbaşa təhlükə yaratması ehtimalı olduqca aşağıdır. Mövcud risklər daha çox lokal xarakter daşıyır və geniş regional təsir ehtimalı elmi əsaslarla təsdiqlənmir”.
"Hərbi əməliyyatlar və ya partlayışların yerin dərin qatlarında baş verən tektonik proseslərə ciddi təsir göstərməsi ehtimalı son dərəcə aşağıdır"

Seysmoloq Ənvər Əliyev isə bildirir ki, zəlzələlərin baş verməsi bu ərazilər üçün təbii və geoloji baxımdan izah olunan bir prosesdir. O bildirib ki, regionun seysmik zonada yerləşməsi səbəbindən vaxtaşırı yeraltı təkanların qeydə alınması qeyri-adi hal hesab olunmur və bu cür hadisələr uzun illərdir müşahidə edilir.
Seysmoloq, xüsusilə vurğulayıb ki, elmi yanaşmaya əsasən, hərbi əməliyyatlar və ya partlayışların yerin dərin qatlarında baş verən tektonik proseslərə ciddi təsir göstərməsi ehtimalı son dərəcə aşağıdır:
“Zəlzələlər, əsasən, yer qabığının dərinliklərində baş verən təbii geodinamik hərəkətlərin nəticəsidir və bu proseslər xarici təsirlərdən demək olar ki, asılı deyil. Bu baxımdan, cəmiyyətdə formalaşan bəzi narahatlıqların elmi əsaslara söykənmədiyini qeyd etmək vacibdir. Mövcud vəziyyət təbii proseslərin tərkib hissəsi kimi qiymətləndirilməli və bu kimi hadisələrə daha çox elmi və rasional yanaşma sərgilənməlidir”.
"Bu tip münaqişələr yalnız siyasi və hərbi deyil, həm də regional və qlobal ekoloji problemlər yarada bilər"

Ekoloq Rövşən Abbasov bildirib ki, hazırda İsrail, ABŞ və İran arasında baş verən hərbi gərginlik və mümkün münaqişə zəlzələdən çox, ətraf mühit üçün ciddi risklər yaradır.
Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı istifadə olunan raketlər, partlayışlar və hərbi texnika havaya böyük miqdarda tüstü, toz və zərərli qazların buraxılmasına səbəb olur:
"Bu isə havanın çirklənməsinə gətirib çıxarır və atmosferdə kükürd dioksidi və azot oksidləri kimi maddələrin artmasına səbəb ola bilər. Bu qazlar atmosferdə su buxarı ilə reaksiyaya girərək turşulu yağışların yaranmasına şərait yaradır. Turşulu yağışlar torpağın kimyəvi tərkibini dəyişdirə, bitkilərə zərər verə və su hövzələrində yaşayan canlıların həyatını təhlükə altına qoya bilər. Müharibə zamanı enerji və sənaye infrastrukturlarının, xüsusilə də neft obyektlərinin zədələnməsi dəniz mühitinə ciddi təhlükə yaradır. Fars körfəzi kimi strateji və ekoloji baxımdan həssas bir bölgədə neft sızmaları dənizin çirklənməsinə səbəb ola bilər. Bu çirklənmə suyun səthində neft qatlarının yaranmasına, oksigen mübadiləsinin azalmasına və nəticədə balıqların, dəniz quşlarının və digər canlıların məhvinə gətirib çıxara bilər”.
O, müharibə nəticəsində yaranan çirklənmənin yalnız bir ölkənin ərazisi ilə məhdudlaşmadığını vurğulayıb:
“Atmosferə buraxılan zərərli maddələr küləklər vasitəsilə digər ölkələrə də yayıla bilər və bu proses transsərhəd çirklənmə adlanır. Bu halda çirklənmənin təsiri regiondan kənara çıxaraq daha geniş coğrafiyada havanın keyfiyyətinin pisləşməsinə və ekosistemlərin zədələnməsinə səbəb ola bilər. Beləliklə, bu tip münaqişələr yalnız siyasi və hərbi deyil, həm də regional və qlobal ekoloji problemlər yarada bilər. Bu müharibə nəticəsində Azərbaycanda hava çirklənməsi baş verə bilər. Müharibə zamanı neft obyektlərinin, sənaye infrastrukturlarının və yanacaq anbarlarının zədələnməsi nəticəsində böyük miqdarda tüstü və zərərli qazlar atmosferə buraxılır. Bu maddələr küləklər vasitəsilə region boyunca yayılaraq transərhəd çirklənmə yarada və müəyyən hallarda Cənubi Qafqaza, o cümlədən Azərbaycana da çata bilər. Bundan əlavə, dəniz mühitinə təsir ehtimalı da mövcuddur. Əgər Fars körfəzi və ya regionun enerji infrastrukturu zədələnərsə, böyük neft sızmaları baş verəcək. Bu çirklənmə əsasən Yaxın Şərq dəniz ekosistemlərinə təsir etsə də, qlobal neft nəqli və dəniz ekosistemləri üzərində dolayısı ilə təsirlər yarada bilər”.
Tahirə Qafarlı