ABŞ-İsrail-İran qarşıdurmasının hazırkı mərhələsi regional münaqişə çərçivəsindən çıxaraq çoxqütblü geosiyasi toqquşma modelinə transformasiya olunur. Proseslərin dinamikası göstərir ki, artıq söhbət yalnız üç aktor arasında hərbi qarşıdurmadan deyil, eyni zamanda qlobal güclər arasında dolayı rəqabətin yeni fazasından gedir.
Müharibənin yeni fazası: coğrafiyanın genişlənməsi və risklərin artması
Son hadisələr, xüsusilə enerji infrastrukturlarına zərbələr münaqişənin strateji xarakter aldığını göstərir. Enerji hədəflərinin vurulması təsadüfi deyil. Bu, qlobal iqtisadi sistemin “sinir nöqtələrinə” yönəlmiş planlı təzyiq mexanizmidir. Bu tendensiya davam edərsə, Yaxın Şərqlə məhdudlaşmayan, Avropa və Asiyanı da əhatə edən genişmiqyaslı iqtisadi və təhlükəsizlik böhranı qaçılmaz ola bilər.
İranın qonşu ölkələrin ərazilərini dolayı hədəfə çevirməsi isə münaqişənin coğrafiyasını genişləndirən əsas faktordur. Bu strategiya qısamüddətli taktiki üstünlük versə də, uzunmüddətli perspektivdə Tehranın əleyhinə işləyir. Ər-Riyadda keçirilən çoxtərəfli görüşdə region ölkələrinin vahid mövqedən çıxış etməsi faktiki olaraq İran əleyhinə regional konsensusun formalaşdığını göstərir. Bu isə gələcəkdə anti-İran koalisiyasının institusional çərçivə qazanması ehtimalını artırır.
İranın strategiyası: eskalasiya yolu ilə təzyiq
Tehranın “gərginliyi artıraraq qlobal təsir yaratmaq” strategiyası bir neçə məqsədə xidmət edir: enerji qiymətlərini yüksəltməklə Qərb daxilində fikir ayrılığı yaratmaq; Avropanı ABŞ siyasətindən uzaqlaşdırmaq; müharibəni regional yox, qlobal problemə çevirmək. Lakin bu yanaşmanın riskləri daha böyükdür. İran artıq hərbi, iqtisadi və siyasi baxımdan çoxşaxəli təzyiqlə üz-üzədir. Strateji infrastrukturun zədələnməsi, maliyyə resurslarının tükənməsi və daxili idarəetmə problemləri ölkəni sistem böhranına sürükləyir. Müharibənin İran ərazisində getməsi isə bu təzyiqi daha da dərinləşdirir.
ABŞ və İsrailin məqsədləri: nəzarət və nəticə əldə etmək
ABŞ və İsrail üçün əsas prioritetlər aşağıdakılardır: İranın hərbi və nüvə potensialını zəiflətmək; Hörmüz boğazı və enerji marşrutları üzərində nəzarəti gücləndirmək; Tehranda idarəetmə böhranını dərinləşdirmək. Vaşinqtonun bölgəyə əlavə qüvvələr göndərmək planları göstərir ki, müharibə “uzaqdan idarə olunan” mərhələdən daha aktiv hərbi iştirak fazasına keçə bilər. Lakin bu, ciddi siyasi risklər yaradır. ABŞ daxilində müharibəyə dəstəyin zəif olması və uzunmüddətli quru əməliyyatlarının qeyri-müəyyən nəticələri Vaşinqtonu ehtiyatlı davranmağa məcbur edir. Eyni zamanda, İran rəhbərliyinin hədəfə çevrilməsi strategiyası klassik “rejim dəyişdirmə” ssenarisinin elementlərini xatırladır. Bu isə regionda daha böyük qeyri-sabitlik riskini artırır.
Region ölkələri: koordinasiya və çəkindirmə siyasəti
Yaxın Şərq və ətraf region ölkələri artıq passiv müşahidəçi deyil. Ər-Riyad görüşü göstərdi ki, region ölkələri təhlükəsizlik məsələlərində koordinasiyaya başlayır. Çünki enerji və suverenlik məsələləri “qırmızı xətt” kimi müəyyən olunur. Bu da İranın hərəkətlərinə qarşı kollektiv reaksiya formalaşdırır.
Avropa: enerji və təhlükəsizlik dilemması
Avropa ikili təzyiq altındadır. Bir yandan enerji qiymətlərinin artması iqtisadi sabitliyi pozur. Digər tərəfdən isə Rusiya faktorunun güclənməsi strateji risk yaradır.
İran müharibəsi Ukrayna müharibəsini kölgədə qoyaraq Avropanın resurslarını bölür. Bu isə Rusiyanın mövqelərini gücləndirir. Nəticədə Avropa ABŞ-la açıq qarşıdurmaya getməsə də, prosesə daha praqmatik və selektiv yanaşmağa başlayır.
Çin və Rusiya: dolayı qazananlar
Mövcud vəziyyətdə ən böyük geosiyasi dividendləri əldə edən tərəflərdən biri Rusiyadır. Kreml enerji qiymətlərinin artması iqtisadi gəlirləri artırır və diqqətin Ukraynadan yayınması hərbi üstünlük yaradır.
Çin isə daha strateji mövqe tutur. Belə ki, ABŞ resurslarının Yaxın Şərqə yönəlməsi Pekin üçün fürsət yaradır. Pekin iran müharibəsindən Tayvan məsələsində özü üçün hərbi dərslər çıxarır. Odur ki, Pekin Vaşinqtonun resurs tükənməsi diqqətlə izləyir.
Nəticədə isə proseslər idarəolunan xaosdan sistem böhranına qədəm qoyur
Mövcud proseslər göstərir ki, münaqişə artıq “idarəolunan eskalasiya” mərhələsindən çıxaraq sistem böhranına yaxınlaşır. Əgər diplomatik müdaxilə baş verməzsə, aşağıdakı ssenarilər real ola bilər. Regionlararası müharibəyə keçid; qlobal enerji və iqtisadi böhran, yeni hərbi-siyasi blokların formalaşması, bəzi dövlətlərdə daxili çöküş və ya rejim dəyişikliyi. Ən çox itirən tərəfin İran olması ehtimalı yüksəkdir. Lakin bu müharibənin qalibi də olmayacaq. Çünki proseslər yalnız bir ölkənin deyil, bütövlükdə beynəlxalq sistemin sabitliyini sarsıdır.
Bu qarşıdurma artıq təkcə Yaxın Şərqin deyil, yeni dünya nizamının necə formalaşacağını müəyyən edən əsas geosiyasi testə çevrilib.
Mürtəza