Son günlərdə yaşayış binalarında baş verən yanğın hadisələri təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Belə ki, sakinlər bildirirlər ki, bəzi hallarda avtomobillərin elektriklə doldurulması üçün mənzillərdən küçəyədək elektrik kabelləri çəkilir. Bu kabellərin uzun müddət yüklənməsi isə qızmaya və yanğın riskinin artmasına səbəb olur.
Bəs çoxmərtəbəli binanın hansısa mərtəbəsindən kabel vasitəsilə elektrik avtomobilini şarj etmək nə dərəcədə təhlükəlidir?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, bu təkcə əsasən son iki ildə Azərbaycanda elektrik və Plug-in hibrid avtomobillərin artımıyla əlaqədar müşahidə olunan hallardır və nəinki kabelləri atırlar, hətta uzadıcı vasitəsilə həyətdə şarj edirlər:
“Yeraltı qarajlarda belə bu cür hallar olur. Fəsadları da pis olur. Məsələ burasındadır ki, ən azından iki kilovat və daha çox güc düşür. Oradakı kabellər məsələn, birini qoşanda bəlkə də onun heç bir fəsadı yoxdur. Ancaq bir neçə avtomobil o qədər enerjini almaqla bağlı şəbəkəyə qoşulursa və o şəbəkə məişət, evdəki elektrikə olan ehtiyacı ödəmək üçün nəzərdə tutulubsa, o qədər də ondan çox yüklənirsə, təbii ki, qızacaq və yanğın təhlükəsi olacaq. Ona görə bununla bağlı hesab edirəm ki, FHN və müvafiq orqanlar öncə maarifləndirmə işləri aparmalı idilər. İnsanlar elə hesab edir ki, onu evdə elektrikə qoşur və bununla da qənaət etmiş olur. Nəticədə maşını da, evi də yanır, daha çox zərərə düşür. Çünki bu bizim üçün yenilikdir, Azərbaycan bazarında olmayıb. İnsanlar hesab edirlər ki, bununla insanlar bir saat yarım şarj cihazı ilə doldurmaqdansa, bunu evdən etmək daha məqsədəuyğundur. Lakin ev şəraitində bu proses avtomobilin batareyasının tutumundan asılı olaraq 15–20 saata qədər çəkə bilər. Məsələn, 35, 40, 50, hətta 70 kilovatlıq batareyalar mövcuddur. Evdə isə elektrik şəbəkəsinə qoşulduqda güc adətən 2 kilovat və ya bir qədər artıq olur. Buna görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır”.
İ.Şaban vurğulayıb ki, hökumət sərt reqlamentlər qoymalıdır: “Bunun qoşulması üçün texniki şərt lazımdır. Yəni bu ayrıca, tamamilə yeni istehlak qurğusudur, nəzarətedici orqanlar tərəfindən hərtərəfli araşdırılması vacibdir. Belə hallar aşkar olunarsa, qanundan kənar birləşmələr və ya müdaxilələr dərhal aradan qaldırılmalıdır ki, fəsadlar baş verməsin. Eyni zamanda, maarifləndirmə işləri də aparılmalıdır. Bu proses kompleks şəkildə həyata keçirilməlidir ki, insanlar nə özlərinə, nə də başqalarına ziyan vursunlar. Çünki yanğın tək bir nəfərlə məhdudlaşan məsələ deyil”.
Şəhanə Quliyeva