AZ

İki istintaq idarəsi ləğv olunur – Vahid İstintaq Komitəsi yenidən gündəmdə  

Azərbaycanda hüquq-mühafizə sistemində, əksər nazirliklərdə ayrıca istintaq şöbələrinin mövcudluğu cinayət işlərinin obyektiv araşdırılmasına dair ictimaiyyət arasında şübhələr yaradır. Hazırda ölkədə prokurorluqla yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin də istintaq orqanları fəaliyyət göstərir.

İstintaqı aparan şəxslərin eyni qurumun tabeliyində çalışması isə işlərin obyektiv araşdırılmasına kölgə salır. Vahid İstintaq Komitəsinin yaradılması məsələsi hələ sovet dövrünə gedib çıxır. Lakin bu təşəbbüs indiyədək reallaşmayıb. Zaman-zaman belə bir komitənin yaradılması ilə bağlı təşəbbüslər irəli sürülür. Yaxın vaxtlarda Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeliyində olan istintaq idarələrinin ləğv ediləcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Gununsesi.info hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, hər iki qurumun ləğv edilən istintaq idarələri müstəqil Vahid İstintaq Orqanı kimi yenidən formalaşdırılacaq. 

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin tabeliyində Əməliyyat-İstintaq Baş İdarəsi, Dövlət Vergi Xidmətinin tabeliyində isə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti fəaliyyət göstərir.

Xatırladaq ki, sonuncu dəfə bu təşəbbüslə 2024-cü ildə deputat Qüdrət Həsənquliyev çıxış etmişdi. Deputat bildirmişdi ki, güclü hüquq-məhkəmə sistemi yaradılmalıdır: “Azərbaycanda istintaq aparan 8 istintaq orqanı var. Çox az nazirlik var ki, onun istintaq orqanı yoxdur. Ona görə də ölkədə Vahid İstintaq Komitəsi yaradılmalıdır”.

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda Vahid İstintaq Komitəsinin yaradılması vacibdir:

“Ölkədə cinayət işlərinin istintaqını aparan çoxsaylı qurumlar mövcuddur və son dövrlərdə bir çox nazirliklər, dövlət xidmətləri öz tərkibində belə istintaq qurumları yaradıblar. Prokurorluqdan başqa cinayət işlərinin ibtidai araşdırmasını aparan dövlət qurumlarının da istintaq orqanları var. Bu qurumların eyni zamanda nəzarət və əməliyyat-axtarış fəaliyyətini həyata keçirdiyini nəzərə alsaq, onların həmin işlər üzrə istintaq aparması korporativ maraqlar baxımından obyektivliyi təmin etməyə bilər. Təsəvvür edin, vergi orqanı bir şəxs barəsində yoxlama aparır və işi öz istintaqına verir. Həmin istintaq isə cinayət işinin obyektiv araşdırılmasını təmin etmək əvəzinə, sadəcə yoxlama orqanının nəticələrini təsdiqləyərək işi məhkəməyə göndərir”.

Vəkilin sözlərinə görə, eyni vəziyyəti digər qurumlarla bağlı da müşahidə etmək mümkündür: “Prokurorluğun cinayət işi başlamaq, istintaq aparmaq, istintaqa nəzarət etmək, özünün təsdiq etdiyi ittiham üzrə məhkəmədə dövlət ittihamını müdafiə etmək, məhkəmə qərarlarından protest vermək kimi funksiyaları SSRİ dövrünün qalığıdır. Nəzərə almaq lazımdır ki, Konstitusiyaya görə Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyətinə aid edilib. Dəfələrlə qeyd etmişik ki, prokurorluq yalnız istintaqa nəzarət etmək və dövlət ittihamını müdafiə etmək funksiyalarını həyata keçirməlidir. Ölkədə mövcud olan istintaq orqanlarının vahid istintaq qurumu altında birləşdirilməsi artıq zamanın tələbidir”.

E.Məmmədəliyev
Musavat.com

Seçilən
86
musavat.com

1Mənbələr