AZ

FAO: Kənd təsərrüfatı Ukrayna ailələri üçün həyat mənbəyi olaraq qalır

Bakı, 19 mart, AZƏRTAC

Müharibənin infrastrukturu məhv etməsinə, resurslara çıxışı məhdudlaşdırmasına və ailələrin gəlirlərini zəiflətməsinə baxmayaraq, aqrar sektor Ukraynanın kənd yerlərində milyonlarla insan üçün həyat mənbəyi olaraq qalır. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) doqquz cəbhə bölgəsində 2800-dən çox ailə arasında aparılan sorğuya əsaslanan yeni hesabatında deyilir.

AZƏRTAC-ın BMT Xəbər Xidmətinə istinadən verdiyi məlumata görə, araşdırma göstərir ki, qarışıqlığa baxmayaraq, kənd ailələri torpaqlarına nisbi maliyyə sabitliyinin əsas mənbəyi kimi baxmağa davam edirlər. Hər on ailədən dördü kənd təsərrüfatı istehsalı ilə məşğuldur və bu, əksəriyyəti üçün biznes deyil, yaşamaq üçün bir vasitədir. Öz təsərrüfatında tərəvəz, taxıl və süd yetişdirmək onlara gündəlik həyatlarının bir hissəsinə çevrilmiş qiymət artımlarına və təchizatdakı fasilələrə dözməyə kömək edir.

Bu dayanıqlılığın arxasında artan təzyiqi gizlənir. Hər üç ailədən biri son ildə gəlirlərinin azaldığını bildirib. Artıq müharibədən əziyyət çəkən ailələr üçün bu, ağrılı seçimlər etmək deməkdir. Respondentlərin 75 faizindən çoxu əmanətlərini xərcləməyə, pul borc almağa və ya səhiyyə və təhsil də daxil olmaqla əsas xərcləri azaltmağa məcbur olduqlarını etiraf edib. Bu strategiyalar onlara çətin dövrlərdə həyatda qalmağa kömək edir, lakin tədricən icmaların dayanıqlığını sarsıdır.

“Bir çox kənd ailəsi üçün kənd təsərrüfatı sadəcə bir iş deyil, həm də uşaqlarını yedizdirməyə və ən azı müəyyən dərəcədə sabitliyi qorumağa imkan verən həyat mənbəyidir”, - deyə FAO-nun Ukraynadakı ofisinin rəhbəri Şahnoza Muminova vurğulayıb. Onun sözlərinə görə, bu gün fermerlərə dəstək olmaq ölkənin gələcəkdə bərpasına qoyulan investisiyadır.

Məcburi köçkünlər, qadınların başçılıq etdiyi ailələr və cəbhə xəttinə yaxın ev təsərrüfatları xüsusilə həssas olaraq qalır. Onların qida çatışmazlığı ilə qarşılaşma ehtimalı daha yüksəkdir, iqtisadi şoklardan daha çox əziyyət çəkir və mənfi mübarizə strategiyalarına əl atma ehtimalı daha yüksəkdir. Təxliyə edilən insanların çoxu təkcə evlərini deyil, həm də heyvanlarını itirib. Respondentlərin 70 faizi təxliyə zamanı mal-qarasını tərk etmək məcburiyyətində qaldığını bildirib.

İstehsalın azalması vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olub. Məhsul istehsalçılarının üçdəbiri məhsuldarlığın azaldığını bildirib, Xerson bölgəsində isə bu rəqəm təxminən yarıya çatıb. Hər beş heyvandar fermerdən biri döyüşlər, işğal və ya yem təmin edə bilməmək səbəbindən heyvan itkisi olduğunu bildirib.

“Bir çox ailə həyatda qalmağın əsas strategiyası kimi kənd təsərrüfatına etibar etməyə davam edir, lakin onun təmin etdiyi təhlükəsizlik şəbəkəsi tədricən sıradan çıxır”, - deyə FAO-nun qiymətləndirmə və monitorinq üzrə ölkə meneceri və hesabatın müəlliflərindən biri Əziz Kərimov qeyd edib.

Bu qənaətlər agentliyin 2026-2028-ci illərdə Ukrayna üçün Reaksiya və Sürətli Bərpa Planının əsasını təşkil edib. Onlar, həmçinin humanitar tərəfdaşlar tərəfindən kənd təsərrüfatının dayanıqlığını gücləndirmək və dolanışıq vasitələrinin qorunmasına yönəlmiş dəstəyi planlaşdırmaq üçün istifadə olunur.

Davam edən müharibə fonunda hökumət, humanitar təşkilatlar və beynəlxalq donorlar arasında koordinasiya çox vacibdir. Fermerlərə və kənd ailələrinə dəstək olmaq təkcə ərzaq təhlükəsizliyi məsələsi deyil, həm də Ukrayna icmalarının gələcək bərpası üçün təməldir.

Seçilən
66
1
azertag.az

2Mənbələr