Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 19 mart, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Səməd Vurğunun ev-muzeyi
Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının üçüncü mərtəbəsində yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşayıb, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub. Muzeyin ekspozisiyası 5 otaq və dəhlizlərdən ibarətdir. Muzeydəki üç otaq - şairin qonaq otağı, iş və yataq otaqları olduğu kimi qorunub saxlanılır.
Qonaq otağı və tarixi royal
Otaqdakı royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyli, eləcə də məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov və Səid Rüstəmov öz əsərlərini ifa ediblər. Qonaq otağında, həmçinin 1944-cü ildə Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin naturadan çəkilmiş ilk portreti nümayiş etdirilir.
Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman - 1956-cı il mayın 27-də axşam saat 20:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırıb.
İş otağı: Sadəlik və yaradıcılıq
Şairin iş otağında hər şey sadədir: yazı stolu, stullar və kitab şkafları. Yazı stolunun üstündə şairin son əlyazmaları, avtoqələmi, həyat yoldaşı və övladlarının birgə çəkdirdikləri fotoşəkil yer alır. Həmçinin şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulub.
"Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün" və bir çox başqa sənət inciləri, məqalə və çıxışlar məhz bu yazı stolunun arxasında ərsəyə gəlib.
Digər otaqlarda isə Səməd Vurğunun, Xalq yazıçısı Yusif Səmədoğlunun və Xalq şairi Vaqif Səmədoğlunun həyat, yaradıcılıq və ictimai fəaliyyətlərini əks etdirən ekspozisiyalar yaradılıb.
Müxbir - Gülay Nəzərova
Fotoqraf – Səfiyar Məcnun


















Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.