AZ

Fransada seçkilərdə "Hitler" və "Zelenski" üz-üzə gəlir

Fransanın kiçik Arsi-syur-Ob şəhərində keçirilən bələdiyyə seçkilərinin birinci turunun nəticələri namizədlərin soyadlarının qeyri-adi uyğunluğu səbəbindən sosial şəbəkələrdə böyük rezonans doğurub...

Poliqon xəbər verir ki, bu barədə BFM TV yazır.

İkinci tura hazırkı mer Şarl Hittler və onun rəqibi Antuan Reno-Zelenski keçib. Onların soyadları fonetik baxımdan Adolf Hitler və Volodimir Zelenski ilə oxşarlıq təşkil etdiyi üçün dərhal diqqət çəkib.

Fransız media qeyd edir ki, bu vəziyyət həm təəccüb, həm də istehzalı reaksiyalar doğurub. Namizədlərin özləri isə belə rezonansı gözləmədiklərini etiraf ediblər.

Şarl Hittler artıq mer vəzifəsini tutan şəxs olaraq bildirir ki, soyadı ilə bağlı zarafatlara hələ uşaqlıqdan öyrəşib.

"Bunu normal qarşılayıram, öyrəşmişəm", deyə o bildirib və əlavə edib ki, çətin assosiasiyalara baxmayaraq, ailə adını həmişə ləyaqətlə daşımağa çalışıb.

O, gənclik illərində lağla qarşılaşdığını da etiraf edib, lakin indi bunu daha sakit qəbul edir.

Onun rəqibi, 28 yaşlı Antuan Reno-Zelenski isə izah edib ki, qoşa soyad ailə mənşəlidir: Reno atasından, Zelenski isə polyak mənşəli anasından gəlib.

"Əvvəlcə bunun yalnız sosial şəbəkələrdə qalacağını düşünürdüm, amma sonra hamı bundan danışmağa başladı", deyə namizəd bildirib.

Hər iki namizəd əsasən zarafat xarakterli şərhlər aldıqlarını və nifrət dalğası ilə qarşılaşmadıqlarını deyir. Reno-Zelenskinin sözlərinə görə, bu vəziyyət hətta şəhərə diqqəti artırmağa kömək edib.

Seçkilərin ikinci turu martın 22-də keçiriləcək və bələdiyyəyə kimin rəhbərlik edəcəyini müəyyən edəcək.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr