AZ

Laricaninin yerinə təyin olunan Hüseyn Dehqanla bağlı SENSASİYA - “Mossad” nüvə arxivini BELƏ OĞURLAYIB

Xəbər verdiyimiz kimi, İranın Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə 69 yaşlı Hüseyn Dehqan təyin olunub.

O, bundan əvvəl müdafiə naziri və İranın ali rəhbərinin müdafiə sənayesi məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.

Musavat.com xəbər verir ki, Dehqan hələ 2019-cu ilin noyabrında 1983-cü ildə Beyrutda sülhməramlıların kazarmalarının partladılmasında (həmin vaxt 241 ABŞ hərbçisi həlak olmuşdu) iştirakına görə ABŞ-nin sanksiyalar siyahısına salınıb.

Yeni katib beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə ilk dəfə 2018-ci ildə, İsrailin İranın nüvə arxivini oğurlamaq üçün həyata keçirdiyi sensasion əməliyyatdan sonra düşüb. Belə ki, 2017-ci ildə (Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra) İranın ali rəhbəri Əli Xamenei 2015-ci il nüvə sazişindən sonra hərbi nüvə proqramı olan “Amad Layihəsi”nin (hərbi nüvə proqramı) arxivini MAQATE və Qərb kəşfiyyatından gizlətmək üçün daha dərində saxlanılması barədə göstəriş vermişdi.

O zaman müdafiə naziri postunu tutan Hüseyn Dehqan 2020-ci ildə sui-qəsd nəticəsində öldürülən tanınmış nüvə alimi Möhsün Fəxrizadə ilə birlikdə arxivin Tehrandakı Şorabad sənaye zonasında yerləşən tərk edilmiş anqara köçürülməsini təşkil edib. Sənədlər adi kağızlar kimi maskalanaraq mühafizə altına alınıb.

Lakin 2018-ci il yanvarın 31-nə keçən gecə təxminən 20 agentdən (o cümlədən iranlı müxaliflərdən) ibarət “Mossad” komandası anqara daxil olaraq seyfləri qaz kəsiciləri ilə açıb və yarım tonluq arşivi bir gecədə ölkədən çıxarıb. Həmin ilin aprelində İsrailin baş naziri Benyamin Netanyahu bu sənədləri rəsmən dünyaya nümayiş etdirdi. Bu hadisədən sonra Dehqan nazir postunu itirərək Xameneinin hərbi müşaviri təyin edildi. O, sonradan İsraili İranın təhlükəsizlik strukturlarına dərindən nüfuz etməkdə günahlandırıb və sistem daxilində xəyanətin olduğunu birbaşa bəyan edib.

“New York Times”ın anonim iranlı məmura istinadən yaydığı məlumata görə, “Mossad” həmin anbarı hələ 2016-cı ilin fevralında aşkar edib və o vaxtdan nəzarətdə saxlayıb.

Netanyahu çıxışında həmin gizli yeri belə təsvir edib:

“Atom arxivlərini burada saxlayırdılar. Onun harada olduğunu az sayda iranlı, bir neçə israilli də bilirdi. Bura ilk baxışdan xaraba bir anbar kimi görünən sadə bir yer idi. Amma içəridə nəhəng qovluqlarda gizlənmiş İranın gizli atom arxivləri var idi”.

Musavat.com.

Seçilən
64
2
musavat.com

3Mənbələr