Vladimir Putin və Donald Tramp kimi iki fərqli siyasi fiqurun adı tez-tez güc, qətiyyət və sürətli nəticələr kontekstində çəkilsə də, son illərin reallığı göstərir ki, müharibə planları kağız üzərində göründüyü qədər sadə olmur. Beləliklə, “qısa və sürətli qələbə” illüziyası yerini uzunmüddətli, yorucu və nəticəsi qeyri-müəyyən qarşıdurmalara verir.
Bəs müharibələr niyə uzanır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İbrahim Rüstəmli bildirib:

“ABŞ-nin İranla bağlı çox ciddi problemləri var. Tramp özü də etiraf edib ki, biz İrandan bu qədər müqavimət gözləmirdik. Hər şeyin önündə proqnoz və informasiya məsələsi dayanır. Trampa elə gəlirdi ki, İran rəhbərliyini sıradan çıxarmaqla dövlət çevrilişinə nail olacaq”.
Politoloqun sözlərinə görə, Rusiya 3 gün ərzində Ukraynanı ələ keçirmək planı qurmuşdu. Rusiyaya elə gəlirdi ki, qısa müddətdə xüsusi əməliyyat keçirməklə, Ukraynada dövlət çevrilişinə nail olacaqlar və orada öz nümayəndələrini yerləşdirəcəklər. Ancaq hadisələrin gedişi göstərdi ki, 3 günlük əməliyyat 3 ildən də çoxdur ki, başa çatmır. Ona görə də informasiyaların düzgün verilməsi və proqnozların optimal bir vəziyyətdə müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Rusiya və ABŞ prezidenti də məhz bu məsələdə xeyli geridə qalıb. Hər iki prezident də uğursuzluğa düçar oldu”, — deyə politoloq əlavə edib.
“ABŞ-nin bu cür xəyal qırıqlığına uğraması, eyni zamanda Azərbaycanın İranla və digər dövlətlərlə balanslaşdırılmış siyasət həyata keçirməsi bir sıra problemlər yaradıb. ABŞ istəyərdi ki, Azərbaycan ərazisindən tramplin kimi istifadə etsin. Azərbaycan çətin ki, ABŞ-a quru əməliyyatlarının keçirilməsi üçün öz ərazisindən istifadəyə icazə versin. Bu, mümkün deyil”, — politoloq vurğulayıb.
İbrahim Rüstəmli onu da qeyd edib ki, Naxçıvana dron zərbələrindən sonra bu məsələdə Azərbaycan çox sərt reaksiya göstərdi. Azərbaycan istər Cənubi Qafqazda, istərsə də regionda, beynəlxalq aləmdə öz siyasətinin ana xətti ilə sülhü dəstəkləmək mövqeyini tutur. Bu mənada Azərbaycan üçün İrana qarşı hər hansı bir hərbi əməliyyatda tramplin rolunu oynamaq yolverilməzdir. Nə İsrail, nə də Amerika üçün yaşıl işıq yandırılacaq”.
Dəniz Pənahova
KONKRET.az