AZ

BU ÇAĞIRIŞÇILARA BƏD XƏBƏR – Əsgərliyə getməmək üçün….

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış və hərbi vəzifənin icrası ilə bağlı qanunvericilik bazasında tətbiq edilən son yeniliklər ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, hüquqi intizamın gücləndirilməsi və sosial ədalətin bərpası istiqamətində mühüm mərhələ hesab olunur.

Uzun illərdir cəmiyyətdə ciddi müzakirə olunan, xüsusən bəzi imkanlı ailələrin övladlarını müxtəlif yollarla — xaricdə təhsil, saxta sağlamlıq arayışları və ya uzunmüddətli yaşayış adı altında hərbi xidmətdən kənarda saxlaması məsələsi artıq dövlətin sərt hüquqi mexanizmləri ilə üzləşib. Qüvvəyə minmiş yeni dəyişikliklər hərbi xidmətdən yayınma hallarının qarşısının alınması üçün həm inzibati, həm də cinayət məsuliyyəti çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirib. Xüsusilə çağırış vərəqəsinin çatdırılmasına mane olmaq məqsədilə yaşayış yerini gizli dəyişənlər, qeydiyyat qaydalarını pozanlar və çağırış dövründə 3 aydan çox müddətə yaşayış yerini tərk edib hərbi qeydiyyat məsələlərini tənzimləməyənlər üçün ciddi sanksiyalar müəyyən edilib.

Ali Məhkəmənin yenilənmiş Plenum qərarı isə bu sahədəki bütün hüquqi boşluqları aradan qaldıraraq, rəsmi çağırışlara məhəl qoymamağı birbaşa hərbi xidmətdən yayınma kimi tövsif edir. Artıq vətəndaşların “mygov” platformasındakı şəxsi kabinetlərinə və hərbi biletlərinə qeyd olunan tarixlər hüquqi öhdəlik yaradır, bu tələblərə əməl etməmək şəxslərin ölkədən çıxış hüququna məhdudiyyət qoyulması ilə nəticələnir.

Üzeyir Cəfərov

Məsələni NOCOMMENT.az-a şərh edən polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu islahatlar orduda idarəetmənin təkmilləşdirilməsi və hərbi mükəlləfiyyət qarşısında hər kəsin bərabərliyini təmin etmək baxımından inqilabi xarakter daşıyır:

“Bu dəyişikliklər sadəcə texniki prosedurlar deyil, hərbi sistemin səmərəliliyini artırmaq və milli təhlükəsizliyi fundamental şəkildə gücləndirmək məqsədilə atılmış zəruri addımlardır. İllərdir cəmiyyətdə haqlı narazılıq doğuran mənfi tendensiyalar — yəni bəzi şəxslərin statusundan və ya maddi imkanından istifadə edərək qanundan yan keçməsi, övladlarını xaricə göndərməklə xidmətdən yayındırması artıq hüquqi müstəvidə imkansız hala gətirilib. Yeni qaydalara əsasən, çağırış dövründə hərbi xidmətlə bağlı tələblərdən yayınanların məsuliyyəti daha da sərtləşdirilib və onların ölkədən çıxışına dərhal məhdudiyyət tətbiq olunması mexanizmi işə düşüb. Bu, həm də mənəvi-psixoloji baxımdan vacibdir; hər bir gənc və valideyn bilməlidir ki, heç kim qanundan üstün deyil və hərbi xidmət hər bir Azərbaycan vətəndaşının şərəfli konstitusion borcudur”.

Cəfərov qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatları və rəsmi bildirişlər artıq rəqəmsal platformalar vasitəsilə anlıq rejimdə izlənilir.

“Mənə vərəqə gəlmədi”, “yaşayış yerimdə yox idim” kimi bəhanələr artıq hüquqi əhəmiyyətini itirib:

Əgər bir vətəndaş 3 aydan çox müddətə faktiki yaşayış yerini dəyişirsə, o, mütləq qaydada hərbi qeydiyyat məsələlərini tənzimləməlidir. Əks halda, bu, birbaşa cinayət məsuliyyəti yaradan amil kimi qiymətləndirilir. Xüsusilə vurğulamaq lazımdır ki, Ali Məhkəmənin Plenum qərarı bu sahədəki bütün ‘boz zonaları’ aradan qaldırdı. Artıq çağırış müvafiq icra hakimiyyəti tərəfindən elan edildiyi andan etibarən, möhlət hüququ olmayan hər bir şəxs hərbi komissarlıq qarşısında məsuliyyət daşıyır. Dövlət bu qətiyyətli addımları ilə hərbi çağırış prosesində şəffaflığı təmin edir, korrupsiya risklərini sıfıra endirir və ordumuzun kadr potensialının keyfiyyətli formalaşmasına zəmin yaradır. Gənclərimiz anlamalıdırlar ki, hərbi vəzifədən yayınmaq üçün atılan hər bir qanunsuz addım onların gələcək karyerasına və hüquqi statusuna ciddi ləkə salacaq”.

Tunar


Seçilən
42
1
azia.az

2Mənbələr