AZ

Məsuliyyətli missiya

Miqrasiya işçilərinin bayramıdır

Qloballaşan dünyada miqrasiya axınlarının artdığı bir dövrdə bu sahənin əhəmiyyəti getdikcə aktuallaşır. Müxtəlif səbəblərlə ölkəyə gələn insanların hamısı ilk olaraq miqrasiya sistemindən keçir. Bu isə o deməkdir ki, miqrasiya əməkdaşları dövlətin simasını təmsil edən ilk şəxslərdən biridir.

Martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 16-cı ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür. Hər il Azərbaycanda qeyd olunan bu peşə bayramı ölkənin təhlükəsizliyi, demoqrafik balansı və hüquqi nizamının qorunmasında mühüm rol oynayan insanların əməyinə verilən dəyərin ifadəsidir. Bu sahədə çalışanların fəaliyyəti hər bir vətəndaşın həyatına birbaşa təsir edir.

Miqrasiya işçiləri yalnız ölkəyə giriş-çıxışı tənzimləyən qurum nümayəndələri deyil. Onlar həm də insan taleləri ilə işləyən, hüquqi çərçivədə qərarlar verən, bəzən çətin seçimlərlə üz-üzə qalan peşə sahibləridir. Xaricdən gələnlərin qeydiyyatı, icazələrin verilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması - bütün bu proseslər onların gündəlik işinin bir hissəsidir.

Bu sahədə çalışanlar ölkənin milli təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Onlar yalnız sənədlərlə deyil, həm də risklərin düzgün qiymətləndirilməsi ilə məşğuldurlar. Qlobal miqrasiya proseslərinin sürətləndiyi bir dövrdə onların işi daha da məsuliyyətli və strateji əhəmiyyət kəsb edir.

Eyni zamanda, miqrasiya işçiləri humanitar missiya da daşıyır. Müxtəlif səbəblərlə ölkəmizə üz tutan insanlar üçün hüquqi dəstək, yönləndirmə və düzgün informasiya təqdim etmək onların əsas vəzifələrindəndir. Bu isə həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir.

Yeganə BAYRAMOVA

Seçilən
73
yeniazerbaycan.com

1Mənbələr