AZ

Prezident İlham Əliyevin sülh diplomatiyası: Aİ və ABŞ ilə strateji tərəfdaşlıq

Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın 11 mart 2026-cı ildə Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra verilən birgə mətbuat bəyanatında yer almış məsələlər arasında üç mühüm məqam xüsusilə diqqət çəkdi: birincisi, prezidentlər Azərbaycan-Aİ tərəfdaşlığının strateji xarakterə malik olduğunu və onun əhəmiyyətini vurğuladılar. Bununla 2022-ci ilin iyununda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı enerji sahəsində yaradılmış strateji tərəfdaşlığın digər əməkdaşlıq sahələrinə də şamil edilməsi ilə ikitərəfli münasibətlərin strateji xarakterə malik olması ali səviyyədə təsdiqləndi.

Digər mühüm bir məqam Birgə Bəyanatın 8-ci bəndində əksini tapmış Aİ-nin "Qlobal Qapı" (Global Gateway) təşəbbüsünə Azərbaycanla bağlı layihələrin daxil edilməsidir: "Avropa İttifaqı "Qlobal Qapı" çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-ın icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib".

Üçüncü mühüm məqam münasibətlərin institutlaşdırılması və daha uzun müddət üçün perspektivinin təmini ilə bağlı əldə edilən razılaşma oldu. "Qlobal Qapı" təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması bu sahədə uzunmüddətli əməkdaşlığın hədəfləndiyini təsdiqləyir. 

"Qlobal Qapı" təşəbbüsünün mahiyyəti və Azərbaycanla bağlı layihələr

"Qlobal Qapı" Aİ-nin strateji investisiya tərəfdaşlıqları vasitəsilə beynəlxalq fəaliyyətini gücləndirməyə yönəlmiş əsas təşəbbüsüdür. Bu, Aİ-nin qlobal miqyasda təhlükəsiz və keyfiyyətli bağlantı və infrastruktur qurmaq üçün hazırladığı strateji plandır. Bu planın iki əsas məqsədini fərqləndirmək olar: Aİ-nin strateji maraqlarını, strateji muxtariyyətini və təhlükəsizliyini gücləndirmək, eyni zamanda tərəfdaş ölkələrdə davamlı inkişaf və iqtisadi artımı təşviq edən qarşılıqlı faydalı tərəfdaşlıqlar qurmaq. 2021-ci ildə elan olunan bu strategiya Aİ-ni 2027-ci ilə qədər 300 milyard avro investisiyanı səfərbər etməyə planlaşdırırdı. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen  tərəfindən Global Gateway Forumu zamanı verilən son açıqlamalara görə, Aİ artıq ilkin məqsədini keçərək 2025-ci ilin oktyabrına qədər 306 milyard avro investisiyanı səfərbər edib. Strategiyanın hazırda 2027-ci ilə qədər olan dövrdə 400 milyard avroya qədər genişləndirilməsi üzərində iş aparılır. 

Strategiyanın əsas mahiyyəti xarici investisiyaları, inkişaf əməkdaşlığını və iqtisadi diplomatiyanı vahid strateji çərçivədə birləşdirməkdir. Bu yanaşma Aİ-nin xarici siyasətində daha geniş bir dəyişiklikdən xəbər verir - yəni sırf inkişafyönümlü yanaşmadan investisiya alətlərinin daha geostrateji istifadəsinə keçid. Bu kontekstdə Global Gateway yalnız inkişaf aləti deyil, həm də geoiqtisadi strategiya kimi reallaşdırılır.

Azərbaycanın Naxçıvan bölgəsində dəmir yolu şəbəkəsinin müasirləşdirilməsinə dəstəyin, Tramp marşrutunun icrasına yönəlmiş səylərlə bağlı ölkəmizlə əməkdaşlığa sadiqliyin elan olunması da məhz bu strategiyada təsbit olunmuş nəqliyyat və tranzitlə bağlı qlobal hədəflərdən qaynaqlanır. Bu mexanizmlərlə yanaşı, ümumilikdə "Qlobal Qapı" çərçivəsində daşımaların prioritetləşdirilməsi məhz qarşılıqlı fayda ("win-win") formulasını təsdiqləyir. İlk dəfə olaraq, faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı məsələnin, TRİPP marşrutunun Azərbaycan, ümumilikdə Cənubi Qafqaz və Aİ arasında mühüm layihə kimi gündəmə gətirilməsi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan ciddi addımdır. 

Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması həmçinin türk dövlətlərinin iqtisadi, ticarət əlaqələrinin intensivləşdirilməsi, nəqliyyat-tranzit imkanlarının birləşdirilməsidir. Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışında deyib: "Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək".

C6: yeni məşvərət platformasının beynəlxalq əhəmiyyəti və Aİ ilə əməkdaşlıq sahələri

2025-ci ilin aprelində Səmərqənddə keçirilən ilk Aİ-Mərkəzi Asiya sammitində Mərkəzi Asiya Global Gateway təşəbbüsünə daxil edildi və bu çərçivədə Brüssel tərəfindən 12 milyard avro həcmində investisiya paketi elan edildi. Sərmayə paketi bu sahələrdə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur: nəqliyyat əlaqələrinin inkişafı, kritik xammallar sahəsində əməkdaşlıq, rəqəmsal şəbəkələrin genişləndirilməsi, su, enerji və iqlim siyasətinin inteqrasiyası.

Ötən ilin noyabrında isə Aİ-Mərkəzi Asiya tərəfdaşlığının daha da gücləndirilməsinə və konkret nəticələrin əldə olunmasına yönəlik missiya məqsədilə Brüssel iki komissarını Özbəkistana ezam etdi. Səfər çərçivəsində nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, məsuliyyətli kritik xammal tədarük zəncirlərinin qurulması, ticarət axınlarının yaxşılaşdırılması və ekoloji bərpa məsələləri əsas müzakirə predmeti olmuşdur. Səfərin diqqət mərkəzində Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafının yer alması Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Avropa və dəhliz boyunca yerləşən digər ölkələrdə yerli inkişafı, rifahı və sabitliyi artırmağı hədəfləyir. Bu nəqliyyat layihəsi Avropa ilə Mərkəzi Asiyanı Azərbaycandan keçməklə təxminən 15 gün ərzində birləşdirəcək nəqliyyat marşrutu kimi qiymətləndirilir. Layihə region ölkələri ilə yanaşı, Avropanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verir.

Azərbaycanın 2025-ci il noyabrın 16-da Daşkənd şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı hüququ alması tarixi və coğrafi faktorlar baxımından vahid olan geosiyasi məkanda qərarlaşan dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsi üçün yeni bir platformanın yaradılması deməkdir. Həm də mədəni, dini, digər ortaq dəyərlərlə birləşən məkanda indi siyasi müstəvidə də fəaliyyətlərin əlaqələndirilməsi üçün yeni mexanizm formalaşdırılır. Yeni mexanizm münasibətlərin çoxtərəfli formatda perspektivdə institutlaşdırılması yolunda atılan ilk addımdır. 

Həmçinin bu tərəfdaşlıq şanlı zəfərimizdən sonra beynəlxalq mövqeləri möhkəmlənən Azərbaycana, onun Lideri Prezident İlham Əliyevin yeni siyasi reallıqları əsk etdirən sülh və əməkdaşlıq gündəliyinə Mərkəzi Asiya dövlətlərinin verdiyi dəyərdir. Azərbaycanın yeni platformada təmsilçiliyini Özbəkistan Prezidenti "tarixi gün" və "Mərkəzi Asiya xalqlarının maraqlarına cavab verən strateji addım", Qazaxıstan Prezidenti "tarixi qərar", Qırğızıstan Prezidenti isə "yeni imkanların açılması" kimi dəyərləndirmişdir. 

Bu qərar hazırkı mərhələdə çoxtərəfli əməkdaşlıq müstəvisində dönüş imkanları yaradılması baxımından olduqca vacib əhəmiyyətə malikdir. Daşkənd razılaşması Azərbaycanın postmünaqişə dövrü xarici siyasət kursunda, çoxtərəfli diplomatik müstəvidə Prezident İlham Əliyevin strateji baxışlarına uyğun atılan növbəti uğurlu addımdır. Azərbaycan Prezidentinin Daşkənd görüşündə dediyi sözlərlə ifadə etsək, "Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur". Azərbaycanın yeni formata qoşulması mövcud siyasi, iqtisadi, enerji və nəqliyyat potensialından daha optimal formada və dinamik şəkildə istifadə imkanları yaradır. 

Azərbaycan bu formata malik olduğu çox vacib resurslarla gəlir. Bunlar arasında Azərbaycanın yaratdığı yeni siyasi reallığın üstünlüklərini özündə birləşdirən və Cənubi Qafqaz regionunun coğrafiyasını aşan əməkdaşlıqda Mərkəzi Asiya dövlətləri ilə əlaqələri daha da intensivləşdirmək siyasəti yer alır.

Mərkəzi Asiya dövlətlərinin əlavə marşrut vasitəsilə təkcə Aİ üzvü olan dövlətlərə deyil, ümumilikdə Avropa və dünya bazarına çıxmasında və əks istiqamətdə mühüm strateji əhəmiyyətə malik Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi sayəsində yeni imkanlar açılacaq və münasibətlər daha da intensivləşəcəkdir. Bu mənada yeni məşvərət formatı Mərkəzi Asiya dövlətlərinin Cənubi Qafqaz regonuna, Qara dəniz hövzəsinə çıxışı, qardaş Türkiyə ilə münasibətləri daha da intensivləşdirmək baxımından, eləcə də Orta Şərqə yeni alternativ imkanlarla çıxışı üçün olduqca önəmlidir. Xəzər hövzəsinin qərbində yerləşən Azərbaycanın yeni formata qoşulması Xəzər hövzəsinin şərqinə, Mərkəzi Asiya məkanına çıxışı, həmçinin Çinlə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün olduqca vacibdir. 

Azərbaycanda yaradılan infrastruktur, nəqliyyat və tranzit üçün inşa edilən avtomobil və dəmir yolları, neft, qaz, eləcə də "yaşıl enerji" sahəsində həyata keçirilən layihələr Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün müxtəlif sahələrdə vacib və etibarlı tərəfdaşa çevirib. Məsələn, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara "yaşıl enerji"nin birgə ixracı üçün böyük perspektivlər açır. 2024-cü ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji"nin inkişafı və ötürülməsi barədə Anlaşma Memorandumu imzaladılar. Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın da bu təşəbbüsə qoşulması "yaşıl enerji"nin Avropa bazarına çıxarılması üçün imkanlar yaratmaqdadır. Dünya Bankının bu layihənin icrasına ilkin mərhələdə 34 milyon dollar ayırması onun cəlbedici perspektivini təsdiqləyir.

"Rəqəmsal İpək yolu" layihəsinin tərkibi kimi Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi və onun Avropa bazarına uzanması yeni və müasir bir sahədə regionları əhatə edən uzunmüddətli  əməkdaşlıq üçün imkanlar açır. 

Mərkəzi Asiya-ABŞ formatında əməkdaşlıq və Azərbaycanın tranzit ölkə kimi strateji əhəmiyyəti

2025-ci il noyabrın 7-də C5+1 formatının 10-cu ildönümünü qeyd etmək məqsədilə Vaşinqtonda səfərdə olan beş Mərkəzi Asiya ölkəsinin prezidentləri Zirvə görüşündən sonra İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat imzaladılar. Həmçinin ABŞ və hər bir dövlətlə ayrılıqda ikitərəfli məlumat arayışı imzalandı və orada ikitərəfli əməkdaşlığın ümumi konturları və faktlar yer aldı.

Amerikalı ekspertlər bu sənədləri, orada yer alan əməkdaşlıq perspektivlərini "C5+1 platformasının genişmiqyaslı çoxtərəfli diplomatiya platformasından iqtisadi sahəyə yönəlmiş formata" keçid kimi dəyərləndirdi. Regiondakı bəzi ölkələr üçün daha çox ikitərəfli əməkdaşlığa meyillənən bir format çoxşaxəli əməkdaşlıq üçün imkanlar yaradır. 

İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat üç strateji vacib sahədə əməkdaşlığı təsbit edir. Bu sahələrdən biri kimi "Trans-Xəzər Ticarət Marşrutu və Bağlantı" başlığı ilə tranzit məsələsinin sənədə daxil edilməsi Azərbaycanın malik olduğu sabit tranzit funksiyasının dəyərləndirilməsidir. Bu sənəddə Trans-Xəzər marşrutunun və TRIPP marşrutunun əhəmiyyətinin vurğulanması ABŞ hökumətinin regiona yönəlik uzunmüddətli strateji maraqlarından xəbər verir. Bu marağı və əməkdaşlıq strategiyasını C5+1 liderləri belə ifadə etdilər: "C5+1 ölkələrinin və dünyanın mənafeyi naminə yükün, məlumatın və enerjinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Trans-Xəzər Ticarət Marşrutunun (başqa adı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialını tam şəkildə inkişaf etdirməklə və onu Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) ilə əlaqələndirməklə təchizat zəncirinin bağlantısını və dayanıqlılığını gücləndirmək".

Birgə Bəyanata əsasən, Orta dəhlizin və onun vacib seqmenti Zəngəzur dəhlizi/TRIPP marşrutunun uzunmüddətli və dayanıqlı fəaliyyətinin əsasını təşkil edən kritik vacib mineralların istehsalı və tədarükü sahəsində əməkdaşlığa dair dialoq təsis olunur. Bu, sənədin Ticarət, İnvestisiyalar və Kritik Minerallar bölməsində yer almışdır. 

Həmçinin Birgə Bəyanata əsasən, C5+1 formatında ticarət və investisiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi niyyəti ilə vacib nadir metalların işlənməsi və Mərkəzi Asiyadan ABŞ-yə ixracı sahəsində əməkdaşlığın sistemləşdirilməsi üçün "Kritik Minerallar Dialoqu" təsis olunur: "C5+1 çərçivəsində Kritik Minerallar Dialoqu üzrə əməkdaşlığı davam etdirmək, geoloji kəşfiyyat, mədənçıxarma və emal sahələrində investisiya imkanlarını irəli aparmaq, eləcə də əlavə dəyər yaradan istehsalın, - o cümlədən aşağı axın sənayelərinin, - inkişafını təşviq etməklə Mərkəzi Asiyanın kritik minerallarını qlobal dəyər zəncirinə qoşmağa kömək etmək".

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlətlərinin 7-ci Məşvərət Görüşündəki çıxışında qeyd edib ki, Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi istiqamətində Vaşinqtonda əldə olunan razılaşmalar beynəlxalq tranzit imkanlarını genişləndirəcək. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin (TRIPP) tikintisinin bu il tamamlanması planlaşdırılır və ilkin mərhələdə 15 milyon ton yükdaşıma gücünə malik olacaq bu dəmir yolu Orta dəhlizin əsas hissəsinə çevriləcək. Prezident əlavə edib ki, yaxın illərdə buraxılış qabiliyyəti 25 milyon tona çatdırılacaq Ələt Beynəlxalq Limanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu, beynəlxalq hava limanları və digər nəqliyyat imkanları Azərbaycanın mühüm beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsini təmin edir.

Prezident İlham Əliyevin sülh gündəliyi və əməkdaşlığın perspektivləri

Bakı və Brüssel arasında əməkdaşlığı şərtləndirən mühüm amillərdən biri də Aİ Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında yüksək səviyyədə dialoqun olmasıdır. Ötən ilin mayında Tiranada, oktyabrda isə Kopenhagendə Avropa Siyasi Birliyinin sammitləri çərçivəsində aparılan danışıqlar hazırkı Bakı səfərinin əsasını təşkil etmişdir. Kopenhagen Zirvə görüşündə A.Koşta Prezident İlham Əliyevi Vaşinqtonda paraflanmış sülh sazişi münasibətilə təbrik etmiş və sonradan "X" sosial şəbəkəsində etdiyi paylaşımda regiona "Qlobal Qapı" təşəbbüsü çərçivəsində gələcəklərini elan etmişdir. Bu onu bir daha göstərir ki, Azərbaycanın işğala son qoymaqla yaratdığı yeni siyasi reallıq və yeni status əsasında qurulan əməkdaşlıq və bunların əsasında duran Prezident İlham Əliyevin sülh gündəliyi Aİ tərəfindən də qəbul olunur və dəyərləndirilir. Həmçinin ABŞ-dən sonra Aİ-nin  də məhz bu reallıqları özündə ehtiva edən strateji tərəfdaşlıq qurması və bunu əhəmiyyətli layihələrlə möhkəmləndirməsi məhz Prezident İlham Əliyevin çoxölçülü xarici siyasət kursunun və mükəmməl diplomatik səylərinin nəticəsidir. Bu strateji tərəfdaşlıqların ikitərəfli münasibətlərlə yanaşı, həmçinin regional və qlobal miqyasda sülhə və sabitliyə xidmət edən layihələrin icrasını özündə ehtiva etməsi uzunmüddətli və perspektivli əməkdaşlıqdan xəbər verir.

Bu kontekstdə Mərkəzi Asiya ölkələri ilə C6 - yeni əməkdaşlıq platformasında yer almaq həmçinin Azərbaycanın dinamik artan beynəlxalq nüfuzunun regional səviyyədə və yeni bir platformada da bir daha təqdir olunması deməkdir. Həmçinin şanlı Zəfərimizdən sonra beynəlxalq mövqeləri möhkəmlənən Azərbaycana, dövlətimizin lideri Prezident İlham Əliyevin yeni siyasi reallıqları əks etdirən sülh və əməkdaşlıq gündəliyinə Mərkəzi Asiya dövlətlərinin verdiyi dəyərdir.

Ötən həftə XIII Qlobal Bakı Forumda çoxsaylı ali qonağın iştirakı da dövlətimizin sülh və əməkdaşlıq strategiyası ilə yerində tanış olmaq və onun müəllifi Prezident İlham Əliyevlə birbaşa dialoq qurmaq istəyinin göstəricisidir. Prezident İlham Əliyev çıxışında forumun məğzini belə dəyərləndirdi: "Hazırda təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər ölkə üçün əsas prioritetdir, çünki bunlar olmadan digər sahələr əhəmiyyətini itirir və buna görə dövlətlər səylərini bu istiqamətdə birləşdirməlidirlər".

Prezident İlham Əliyev çıxışında Azərbaycanın "Şərq-Qərb" nəqliyyat dəhlizi və "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə əvəzolunmaz tərəfdaş olduğunu vurğulayıb. Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə ən çox töhfə verən dövlətlərdəndir.  Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına əsas töhfə verən ölkələrdəndir və bu, ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olur. 2025-ci ildə "Cənub-Qərb" nəqliyyat dəhlizi üzrə yükdaşımalar 394,2 min tondan 533,6 min tona yüksələrək 35 faiz artıb. Eyni ildə "Şərq-Qərb" dəhlizi ilə 16,9 milyon ton, TRASEKA üzrə 8,17 milyon ton, "Şimal-Cənub" dəhlizi ilə 9,29 milyon ton, Şimal-Qərb nəqliyyat dəhlizi üzrə 5,8 milyon ton yük daşınıb. Qlobal geosiyasi risklərə baxmayaraq, "Şərq-Qərb" dəhlizi üzrə daşımalar sabit qalıb.

Nəqliyyat və tranzit bağlantıları sahəsində aparılan çoxşaxəli fəaliyyətlərin təhlili göstərir ki, Ermənistan illər əvvəl güc tətbiqi və deportasiya siyasəti ilə regionun demoqrafik xəritəsini dəyişmək üçün səylər edəndə, hərbi vasitələrlə, təcavüzkar müharibə vasitəsilə regionda beynəlxalq sərhədləri dəyişməyə cəhd edəndə Azərbaycan fərqli siyasət yürüdürdü. Regionun və Avrasiyanın enerji xəritəsinin, nəqliyyat-tranzit xəritəsinin yenidən tərtibi üçün öz resursları hesabına uğurlu enerji və nəqliyyat diplomatiyası həyata keçirirdi. 

16 dövləti qazla təchiz edən Azərbaycan dünyada boru xətləri ilə ən böyük qaz təchizatçısı şəbəkəsini yarada bildi. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 15 il əvvəl əsasını qoyduğu bu uzaqgörən siyasət işğala son qoyulduqdan, yeni reallıqda yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları yarandığı bir şəraitdə öz bəhrəsini verir. 

Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Seçilən
86
azerbaijan-news.az

1Mənbələr