AZ

Nemtsovun dönük “kiryuxa”sı, Putinin vəzifə ilə kiritdiyi – Kiriyenkonun "üçqat qəhrəmanlığı"

Rusiyalı jurnalistə aid Teleqram kanalında bir süjet yayılıb, RF Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenkonun bir dəstə hərbçi ilə birlikdə rus ordusu tərəfindən işğal olunmuş Dmitrov şəhərində gəzintisini göstərir.

Rusların “azad olunmuş Dmitrov şəhəri” kimi qələmə verdikləri yaşayış məntəqəsi, əslində 2016-cı ilə qədər Ukraynanın Donetsk vilayətinin Pokrovski rayonuna daxil olan Mirnograd şəhəridir.

Adı “sülh şəhəri” kimi tərcümə olunan bu yaşayış məntəqəsi 2016-cı ildən bəri müharibənin episentrindədir və bir neçə dəfə əldən-ələ keçib. Axırıncı dəfə Rusiyanın hərbi birləşmələri “sülh şəhəri”ni hərbi əməliyyatla götürüblər.

dim-2.JPG

Şəhər nə gəzir? Bu, əvvəllər şəhər olub. İndi xarabazarlıqdır. Dörd bir tərəfdə yanmış, dağılmış binalar, bərbad yollar, uçmuş hasarlar – bir sözlə, bombardmandan çıxmış bir məkan. Küçələrdə Kiriyenkonu müşayiət edənlərdən başqa bir kimsə yoxdur. Axırda bir kişi tapılır, o da kim bilir, kimdir.

Sergey Kiriyenko isə köhnə nağıllarımızda deyildiyi kimi, altdan geynib, üstdən qıfıllanıb, üstdən geyinib, altdan qıfıllanıb. Adamın əynində bir zirehli jilet var, tank mərmisi deşməz, əlində açılıb-qatlanan qundağı olan “Kalaşnikov” avtomatı da görünür, sanki elə indicə döyüşə atılacaq.

Kiriyenko soyadından da göründüyü kimi Ukrayna kökləri (atası yəhudi, anası ukraynalıdır) olan bir adamdır və Putinin iqtidar komandasının “qırğı-quzğun” üzvlərindən biridir.

images.jpeg

Doğulanda soyadı İzraitel olan Sergey Vladilenoviç 1962-ci ildə Suxumidə anadan olub, sonradan anasının soyadını götürüb. O, 5 oktyabr 2016-cı ildən Rusiya Federasiyası Prezidentinin Administrasiyası rəhbərinin birinci müavini, 2020-ci ildən Rusiya Federasiyası Dövlət Şurasının üzvüdür. Hansı qəhrəmanlıqları göstəribsə, 2018-ci ildə Kiriyenko “Rusiya Federasiyası qəhrəmanı” fəxri adına layiq görülüb. Bundan başqa, 2022-ci ildə ona “Donetsk Xalq Respublikası”nın “qəhrəman”ı, bir il sonra isə “Luqansk Xalq Respublikası”nın “qəhrəman”ı adları verilib. Beləcə, Kiriyenko hazırda “üçqat qəhrəman”dır. “Azad olunmuş Dmitrov şəhəri”nin küçələridə qorxmadan gəzdiyinə görə, ola bilər, ona dördüncü dəfə “qəhrəman” adı verəcəklər və o, məşhur marşal Jukovun rekordunu qıracaq.

sergey-kiriyenko-and-boris-nemtsov_40.jpg

Əslində Kiriyenko Vladimir Putinin siyasi sələfi Boris Yeltsinin və Boris Nemtsovun kadrıdır. O, hökumətə “kiryuxa”sı Nemtsovun israrlı təkidlərindən sonra qəbul edilib. 1998-ci ilin aprel ayında isə Yeltsin onu Rusiya Federasiyasının baş naziri təyin edib. O zaman Kiriyenkonun 35 yaşı olub. Ancaq Kiriyenko bu vəzifədə cəmi dörd ay qala bilib. Ölkədə devalvasiya olub və Kiriyenkonu vəzifəsindən götürüblər.

Ancaq o, nə özündən əvvəl və sonra Rusiyanın baş naziri və ya baş nazirin 1-ci müavini olmuş adamlar (Yevgeni Primakov, Boris Nemtsov, Yeqor Qaydar, Mixail Kasyanov) kimi müxalifətə keçməyib, hakimiyyətə yaxın olmağı seçib. Daha doğrusu, o 1999-cu ildən 2000-ci ilə qədər Ümumrusiya Sağ Qüvvələr Birliyi hərəkatının təsis qurultayında hərəkatın həmsədri seçilsə də (Anatoli Çubays, Yeqor Qaydar, Boris Nemtsov və İrina Xakamada ilə birlikdə), tezliklə dövlət qulluğuna keçdiyinə görə “sağ”lardan ayrılıb, başını sağ-salamat saxlamağı üstün tutub.

pit-kir.jpeg

Putin 2000-ci ildə Kiriyenkoya Rusiya Federasiyası Prezidentinin Volqa Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi vəzifəsini verərək, onu kiridib, silahdaşlarından ayırıb, öz tərəfinə çəkib 2005-ci ilə qədər bu vəzifədə qalan Kiriyenko 2005-ci ildən 2016-cı ilə qədər “Rosatom”un baş direktoru vəzifəsini tutub.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumunun başlaması ilə Kiriyenkonun “ulduzu yenidən parlayıb”. O, müharibəyə siyasi dəstək üzrə nəzarətçi olub, işğal olunmuş ərazilərin Rusiyaya ilhaq edilməsi ilə bağlı referendumların təşkilinə və ölkə daxilində təbliğat işlərinə rəhbərlik edib və edir. Kiriyenko Moldova ilə, Ermənistanla, eləcə də tanınmamış Abxaziya ilə münasibətlərə nəzarəti də öz üzərinə götürüb. 2025-ci ilin əvvəllərində o, Abxaziyada Rusiyapərəst namizəd Badr Qunbanın prezident seçilməsini təmin etməkdə mühüm rol oynayıb.

Kiriyenko 2020-ci ildən bəri Avropa Birliyi, Böyük Britaniya, ABŞ və Yaponiya tərəfindən sanksiyalar altındadır.

tlt-kir.jpg

Gəncliyində gəmiqayırma zavodunda komsomol katibi olan bu ambisiyalı, “oddayanmaz, sudabatmaz” şəxs hazırda Rusiyanın işğal qoşunlarının “zampolit”i kimi fəaliyyət göstərir. Onun vəzifələrinə süqut etmiş SSRİ-nin köhnə ərazilərinin bərpasına töhfə vermək də daxildir. Məhz buna görə də Kiriyenkonun bir barmağı Moldovanı qurdalayanda, bir barmağı da Gürcüstanın daxilinə uzanır. Onun on barmağı olduğu üçün Ermənistan və Azərbaycan da kənarda deyil.

Bilgili mənbələrin inandırmasına görə, son aylarda Azərbaycanın daxilində gedən bəzi qarayaxma kampaniyalara Kiriyenko kuratorluq edir.

İndilikdə o, Ukraynada, xaraba qoyduqları Dmitrov şəhərində “qəhrəmanlıq klipi”nə çəkilir. Oraları “xoşbəxt” edəndən sonra üzünü bu tərəflərə də tutacaq.

Araz Altaylı, Musavat.com

 

Seçilən
103
musavat.com

1Mənbələr