Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışına sərt və istehzalı münasibət bildirib.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı Paşinyanın “üçüncü ölkə” və KQB ilə bağlı səsləndirdiyi fikirlərin anlaşılmaz olduğunu deyib. Onun sözlərinə görə, Ermənistan liderinin kimləri nəzərdə tutduğu aydın deyil və bu yanaşma ciddi suallar doğurur.
Zaxarova xüsusilə Paşinyanın Avropa İttifaqı ilə bağlı mövqeyini tənqid edib.
O qeyd edib ki, Ermənistanın həm Aİ-yə üzv olacağı halda, həm də üzv olmasa belə “qazanacağını” deməsi məntiqsiz yanaşmadır: “Belə məntiqə sahib insanlar adətən öz-özlərinə şahmat oynayıb qalib gəlirlər”.
Rusiya XİN sözçüsü əlavə edib ki, Paşinyanın “üçüncü ölkə” ifadəsi ilə kimə işarə etdiyi bəlli deyil, lakin bunun Rusiya ilə əlaqələndirilməsi ehtimalı istisna olunmur. O, Avropa standartlarının mütləq üstünlük kimi təqdim olunmasını da tənqid edərək bildirib ki, Avropa İttifaqının özündə kifayət qədər problemlər mövcuddur.
Zaxarova həmçinin Ermənistan iqtisadiyyatının reallıqlarına diqqət çəkərək vurğulayıb ki, ölkənin əsas ticarət və iqtisadi əlaqələri Avrasiya İqtisadi İttifaqı ilə bağlıdır və bu fonda Avropa standartlarına sürətli inteqrasiya cəhdi “qəribə görünür”.
Qeyd edək ki, Paşinyan martın 11-də Avropa Parlamentində çıxışı zamanı Ermənistanın həm Aİ-yə üzvlükdən, həm də Avropa standartlarına uyğunlaşmadan fayda əldə edəcəyini bildirmişdi.
Musavat.com