AZ

Azerbaycan – Türkiyə qardaşlığı niyə hədəfə alınır?

2023-cü ilin avqust ayında Türkiyədə, aralarında ictimaiyyətin yaxından tanıdığı şəxslərin də olduğu 97 nəfər bir bəyanata imza atdı.

İnanmaq çətin idi; lakin həmin bəyanatda Azərbaycan Qarabağda ermənilərə qarşı soyqırımı və etnik təmizləmə aparmaqda ittiham edilirdi.

Halbuki Azərbaycanın torpaqları düz 30 il işğal altında qalmış, xalqı isə soyqırımı və etnosidə məruz qalmışdı.

Nəhayət, 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsi başladı və Azərbaycan dövləti haqqı olanı geri alaraq öz torpaqlarını işğaldan və işğalçılardan azad etdi.

Əlbəttə, ərazi bütövlüyümüzün bərpa olunması hamımızı sevindirdi; lakin görünən odur ki, Qarabağın işğaldan azad edilməsi yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyasının inteqrasiyası baxımından da mühüm dönüş nöqtəsi oldu.

Müharibələrdə körpülər dağılar, yollar zədələnər. Lakin Azərbaycan müharibədə Ermənistanı məğlub edərək yeni bir körpü və yol inşa etdi: Zəngəzur dəhlizi.

Biz öz aramızda buna “Türk yolu” deyirik.

Paradoksal görünsə də, bu coğrafiyada sülhün və inkişafın elçisi müharibə oldu.

Beləliklə, yaxın perspektivdə Türkiyə bu körpü vasitəsilə Türk dünyası ilə birbaşa əlaqə qura biləcək; Türk dövlətləri arasında inteqrasiya prosesləri sürətlənəcək, mövcud iqtisadi və logistika mənzərəsi yeni bir dinamika qazanacaqdır.

Məncə, bu layihənin siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür.

Təbii ki, bu vəziyyətdən narahat olanlar da oldu.

Anadoluda bir deyim var: “Kanbersiz toy olar?”

Əlbəttə, olmaz.

İkinci vətənim kimi gördüyüm Türkiyənin siyasi mühitinə bələd biri kimi rahatlıqla deyə bilərəm ki, bu günə qədər Türkiyədən Azərbaycana qarşı bu qədər sistemli, təşkilatlanmış, dezinformasiya və “deepfake” yönümlü təbliğat aparılmayıb.

Lakin burada Türkiyə deyərkən nə əziz türk millətini, nə də hörmətli türk dövlətini nəzərdə tuturam.

Çünki istər Prezident Rəcəb Tayyib Ərdoğan, istərsə də MHP sədri Dövlət Baxçalı iki qardaş ölkə arasında nifaq salmaq istəyənləri sərt şəkildə xəbərdar etmiş, münasibətləri təxribat etməyə yönəlmiş manipulyativ cəhdlərə qarşı açıq mövqe sərgiləmişdir.

Mənim nəzərdə tutduğum, geosiyasi rəqabət səbəbilə Azərbaycan–Türkiyə münasibətlərini manipulyasiya obyektinə çevirən və istər ənənəvi, istərsə də rəqəmsal media platformalarında bu münasibətləri zədələməyə çalışan müəyyən çevrələrdir.

Görünən odur ki, bəzi qüvvələr tərəfindən “cəmiyyət mühəndisliyi” kifayət qədər yaxşı mənimsənilib…

Əvvəlcə ABŞ və İsrailin İrana qarşı addımları və Qəzza məsələsi səbəbilə onsuz da həssas olan türk ictimaiyyəti üzərindən Azərbaycanı “İsrail tərəfdarı”, “sionist yuvası” kimi göstərmək məqsədilə sistemli bir informasiya əməliyyatı aparılıb.

Görünür ki, bu cəhdlər müəyyən qədər təsirli də olub.

Halbuki Azərbaycan hər fürsətdə Fələstinə dəstəyini açıq şəkildə ifadə etmiş, orada baş verən acı hadisələrdən dərin kədər duyduğunu bildirmiş, Qəzzaya fasiləsiz humanitar yardım karvanları göndərmiş və problemin beynəlxalq hüquq çərçivəsində həlli üçün maksimum səy göstərmişdir.

Öz fikrimi açıq deməkdən çəkinməyəcəyəm: Azərbaycan nə İsrail tərəfdarıdır, nə də Fələstin tərəfdarıdır; Azərbaycan ədalət tərəfdarıdır.

Bu isə onun özü üçün təmin etdiyi, lakin düz 30 il gözlədiyi; bəzən bəzi müsəlman dövlətlərin (məsələn, Fələstinin) siyasətində görmək istədiyi, amma tapa bilmədiyi şeydir: ədalət!

Azərbaycanın Qəzza müharibəsinə yanaşmasını anlamaq və bu mövzuda dezinformasiya bataqlığına düşməmək üçün ABŞ və İsrailin İrana qarşı addımlarından sonra baş verənlərə baxmaq kifayətdir.

Müharibə başlayan kimi Bakı hava məkanının İrana qarşı istifadə olunmasına icazə verməyəcəyini açıq şəkildə bəyan etdi. İranın dini liderinin vəfatından sonra Azərbaycan Prezidenti Bakıda İran səfirliyinə başsağlığı ziyarəti etdi. Həmçinin yaxın zamanda İrana humanitar yardım karvanları göndərildi.

Zənnimcə, Azərbaycan bu prosesdə İrana humanitar yardım göstərən azsaylı ölkələrdən biridir, bəlkə də birincisidir.

Bəs niyə türk ictimaiyyətinə bunun tam əksi təqdim olunur və həqiqətlər təhrif edilir?

Çünki məqsəd qarşılıqlı etimadsızlıq mühiti yaradaraq iki ölkənin arasını vurmaq, onları zəiflətmək; Orta Dəhliz prosesinin mühüm hissəsi olan Zəngəzur dəhlizi layihəsini sabotaj etmək, Türk dünyasının ortaq gələcək vizyonunu zədələmək, təkcə dövlətlər arasında deyil, xalqlar arasında da soyuqluq yaratmaq və kollektiv yaddaşa uzunmüddətli zərər vurmaqdır.

Bu cür fəaliyyətləri özlərinə missiya seçənlər arasında PKK tərəfdarları, radikal sol-liberal çevrələr, “beşinci kolon” və İranla əlaqəli troll şəbəkələri yer alır.

Yəni cəbhə kifayət qədər genişdir.

Nə etməliyik?

Məncə, dezinformasiya ilə mübarizədə “xətt müdafiəsi” yoxdur; “səth müdafiəsi” var.

Cəmiyyət olaraq daha diqqətli olmalı, məlumatla manipulyasiya arasındakı incə fərqi ayırd etmə qabiliyyətimizi gücləndirməliyik.

Çünki Azərbaycan–Türkiyə münasibətlərini hədəfə alan hər bir fikir təkcə iki dövlət arasındakı bağları deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və Türk dünyasının birlik perspektivini zədələməyi hədəfləyir.

Halbuki bu münasibətlər situativ deyil; tarixi, strateji və ictimai əsaslara söykənir.

Bəhruz Həsənov

Vətəninfo.az

Seçilən
82
veteninfo.az

1Mənbələr