Azərbaycanda məhkəmə proseslərinin ən az görünən, amma ən kritik problemlərindən biri vəsatətlərə münasibətdir. Kağız üzərində tərəflərin bərabərliyi, çəkişmə prinsipi və müdafiə hüququ təmin edilsə də, praktikada bu hüquqların necə işlədiyi ciddi suallar doğurur. Xüsusilə müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərin formal və şablon əsaslarla rədd edilməsi artıq tək-tək hallar deyil, sistemli yanaşma təsiri bağışlayır.
Məhkəmə zallarında tez-tez eyni mənzərə təkrarlanır: vəkil əlavə şahidin dindirilməsini istəyir, yeni sübutun tələb olunmasını qaldırır, ekspertiza təyin edilməsini xahiş edir. Cavab isə qısa və standart olur – “əhəmiyyət kəsb etmir”, “zəruri deyil”, “iş materialları kifayət edir”. Bu cür yanaşma ilk baxışdan prosessual qərar təsiri bağışlasa da, əslində müdafiə hüququnun mahiyyətini zəiflədir.
Vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, vəsatətin rədd edilməsi öz-özlüyündə qanun pozuntusu sayılmaya bilər. Onun sözlərinə görə, rədd qərarlarının formal xarakter daşıması və hüquqi əsaslandırmanın olmamasıdır: "Məhkəmə və ya istintaq orqanı təqdim olunan hər vəsatəti təmin etməyə borclu deyil. Lakin hər bir vəsatətə konkret hüquqi qiymət verilməli, onun niyə rədd edildiyi aydın, fərdiləşdirilmiş və inandırıcı şəkildə izah olunmalıdır. Əks halda, müdafiə tərəfinə sadəcə “dinlənilmiş olmaq” illüziyası yaradılır, amma onun prosessual təşəbbüsü real təsir gücünü itirir".
Cavad Cavadov hesab edir ki, bu tendensiya davam etdikcə məhkəmə həqiqəti araşdıran instansiyadan daha çox əvvəlcədən formalaşmış qənaəti təsdiqləyən orqana çevrilə bilər: "Müdafiə tərəfinin ardıcıl və eyni tipli ifadələrlə rədd edilən vəsatətləri artıq təsadüfi deyil, sistemli problemin göstəricisi kimi qiymətləndirilməlidir. Bu isə daha böyük təhlükəyə yol açır. Çəkişmə prinsipi formal xarakter alır, ittiham tərəfi faktiki üstün mövqedə qalır, müdafiə isə prosesə təsir imkanları məhdud olan tərəfə çevrilir.
Nəticədə ədalət mühakiməsinin zahiri forması qorunsa da, onun daxili balansı pozulur.
Çünki vəsatətin formal rəddi əslində bir sənədin deyil, müdafiə imkanının rəddidir".
E.Məmmədəliyev,
Musavat.com