AZ

Sosial verilişlərin bağlanması müsbət qarşılanır – Fərman Nəbiyev

Azərbaycan telekanallarında bir sıra şou xarakterli proqramların efirdən qaldırılması diqqət çəkir. Bu proses efir siyasətində keyfiyyətə və məzmun müxtəlifliyinə yönələn dəyişikliklərin gücləndiyini nümayiş etdirir. 

Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev məsələ ilə bağlı QHT.az-a olan açıqlamasında bildirib ki, bu qərar televiziya məkanında mühüm dəyişikliklərin göstəricisidir.

Fərman Nəbiyev bildirib ki, sözügedən verilişlərin bağlanması onu sevindirir. Onun sözlərinə görə, bu proqramlar uzun illər ərzində cəmiyyətə, xüsusilə də rayonlarda və Mingəçevir kimi şəhərlərdə yaşayan insanlara mənfi təsir göstərib: “Bu verilişlər illərlə xalqımızın, xüsusilə də rayonlarda və Mingəçevir kimi şəhərlərdə yaşayan insanların əsəblərini korlayırdı".

F.Nəbiyevin sözlərinə görə, həmin verilişlər hər axşam evlərə daxil olaraq qışqırtı, böhtan, ailə sirlərinin açıqlanması, göz yaşı və söyüşlərlə dolu məzmun təqdim edirdi. O qeyd edib ki, insanlar bu səbəbdən yorulur, stress keçirir, xüsusilə uşaqlar üçün mənfi psixoloji mühit formalaşırdı.

Müsahibimiz vurğulayıb ki, bölgələrdə yaşayan tamaşaçılar da bu vəziyyətdən narazı idi və tez-tez “yenə eyni şeylər başlayıb” deyərək televizoru söndürürdülər. Onun fikrincə, bu proqramlar cəmiyyətə fayda vermir, əksinə, zövqü korlayır, əsəbləri gərir və mənəvi yorğunluq yaradırdı.

Fərman Nəbiyev bildirib ki, hazırda televiziya məkanında yeni mərhələ başlayır. O hesab edir ki, efirdə daha təmiz, keyfiyyətli və faydalı proqramlar üçün imkan yaranır: “Artıq ucuz şoularla reytinq toplamaq və əsəb gərginliyi yaratmaq əvəzinə, intellektual, maarifləndirici və gözəl məzmunlu verilişlərə keçid olacaq".

F.Nəbiyevin sözlərinə görə, bu dəyişiklik xüsusilə bölgələrdə yaşayan tamaşaçıların daha rahat və keyfiyyətli efir izləməsinə şərait yaradacaq.

Müsahibimiz əlavə edib ki, Azərbaycan televiziyasının son illərdə əldə etdiyi texniki inkişaf aşağı səviyyəli proqramlarla zədələnməməlidir. Onun fikrincə, aparıcılar daha peşəkar və intellektual formatlı layihələrlə yenidən tamaşaçı qarşısına çıxa bilərlər.

Sonda Fərman Nəbiyev qeyd edib ki, televiziya cəmiyyətin həyatına birbaşa təsir göstərən vasitədir və efirə təqdim olunan məzmun insanları əsəbləşdirmək deyil, əksinə, ruhlandırmaq məqsədi daşımalıdır.

Fatimə Nəbiyeva

Seçilən
59
qht.az

1Mənbələr