AZ

Qida mütəxəssisi: Sağlam keçid - sağlam bədən

Bakı, 18 mart, AZƏRTAC

İslam dünyasında 11 ayın sultanı hesab edilən Ramazan ayı bir neçə gündən sonra başa çatır. Bir ay ərzində əksər müsəlmanlar sutkanın böyük hissəsini ac və susuz qalaraq İslamın vacib buyurulan əməllərindən birini icra etməyə çalışdılar. Bəs bir ay müddətində fərqli qaydada qida və su qəbul edən orqanı necə əvvəlki rejimə zərər vurmadan qaytarmaq olar?

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti, sağlam qida mütəxəssisi Alidə İbrahimova AZƏRTAC-a açıqlamasında deyib ki, Ramazandan sonra birdən-birə ağır yeməklərə keçid həzm sisteminə zərər verə bilər. Çünki mədə artıq az miqdara öyrəşib, onu birdən yükləmək olmaz. Odur ki, yüngül qidalanma ilə əvvəlki rejimin bərpasına başlamaq lazımdır.

"İlk günlərdə şorba, salat, buxarda bişmiş yeməklərə üstünlük vermək, porsiyaları kiçiltmək, su balansını bərpa etmək tövsiyə olunur. Gün ərzində kifayət qədər - yeməkdən yarım saat əvvəl və yeməkdən 1 saat sonra su içmək çox vacibdir. Qidalanma saatlarını tənzimləmək, aralıqlı oruc şəklində 2-3 dəfə qidalanmaq önəmlidir. Yeməkləri gün ərzində bölərək qəbul etmək, birdən-birə çox yeməkdən qaçmaq lazımdır. Şirniyyat və ağır qidaların qəbulu zamanı diqqətli olmaq, bayramda miqdarı nəzarətdə saxlamaq mütləqdir. O cür qidaları daha çox günorta saatlarında qəbul etmək, axşam vaxtı, yatmazdan əvvəl qəbul etməmək məsləhət görülür. Bütün bunlarla yanaşı, hərəkəti artırmaq lazımdır. Yüngül fiziki aktivlik həzmi dəstəkləyir. Ən az gün ərzində açıq havada 35-40 dəqiqə yeriməyi tövsiyə edirəm”, - deyən mütəxəssis vurğulayıb ki, sağlam keçid - sağlam bədən deməkdir.

Müxbir - Göyçək Mahmudlu

Seçilən
53
1
azertag.az

2Mənbələr