AZ

Bolluq dövrü bitdi Təhlükəli oyun gedir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son günlər qlobal enerji bazarlarında qeyri-sabitlik müşahidə olunur. Bir tərəfdən geosiyasi gərginlik fonunda qiymətlər kəskin artıb, digər tərəfdən isə bazara əlavə təklif və ehtiyatların buraxılması xəbərləri neft və qaz qiymətlərində eniş tendensiyası yaradıb. Bazarda həm artıq təklif, həm də siyasi risklər qiymətlərin kəskin dalğalanmasına səbəb olur.Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Hörmüz boğazı ətrafında yaranmış gərginlik qlobal neft bazarları ilə bağlı uzun illər formalaşmış “bolluq” və “ehtiyat güc” təsəvvürlərini ciddi şəkildə sarsıdıb.“Əslində son dövrlərdə neft bazarlarının daha çox fiziki məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərdiyi artıq açıq şəkildə görünür. Mövcud vəziyyət bir daha sübut etdi ki, bazar həm ehtiyat hasilat gücü baxımından məhduddur, həm də tədarük zənciri olduqca kövrəkdir. Hətta Strateji Neft Ehtiyatları çərçivəsində yüz milyonlarla barel xam neftin bazara buraxılması belə qiymət artımının qarşısını tam şəkildə ala bilmədi. Bunun əsas səbəbi isə həmin ehtiyatların bazardakı yüngül, orta və ağır neft növləri arasında mövcud balanssızlığı aradan qaldırmaq gücündə olmamasıdır. Bu uyğunsuzluq xüsusilə Asiya bazarlarında emal gücləri səviyyəsində daha qabarıq şəkildə hiss olunur”.O bildirib ki, müharibə davam etdiyi və ya Hörmüz boğazında təhlükəsiz və sabit nəqliyyat bərpa olunmadığı müddətdə neft qiymətlərində davamlı eniş gözləmək real deyil:“Qısa müddətli enişlər mümkün olsa da, onların uzunmüddətli və sabit xarakter daşıması çətin görünür. Neft bazarlarını formalaşdıran üç əsas fiziki məhdudiyyət - ehtiyat hasilat gücü, tələbin elastikliyi və siyasi müdaxilənin sərhədləri mövcud şəraitdə daha da ön plana çıxır. Əgər Yaxın Şərqdə hasilat sabitləşməz, neft infrastrukturları normal fəaliyyətinə qayıtmaz və Hörmüz boğazı üzərindən daşımalar əvvəlki səviyyədə bərpa olunmazsa, qlobal bazarlarda tarazlığın təmin olunması çətin olacaq. Bu isə öz təsirini yalnız xam neft bazarında deyil, eyni zamanda neft məhsulları və neft-kimya sektorlarında da açıq şəkildə göstərəcək”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
demokrat.az

1Mənbələr