Bloger Aleksandr Lapşin bəzi erməni fəallar və hüquq müdafiəçilərinin Azərbaycan əleyhinə növbəti hüquqi kampaniyanın başladığı barədə məlumat yayıb. Azərbaycan əleyhinə kampaniyalarda rol alan Lapşin bununla bağlı status paylaşaraq bildirir ki, guya “erməni girov” kimi təqdim edilən şəxslər adından Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər hazırlanır. Bu prosesdə adları çəkilən şəxslərdən biri də uzun illər müxtəlif siyasi işlərdə iştirak etmiş vəkil kimi tanınan Karina Moskalenkodır. Lakin məsələ yalnız hüquqi müstəvidə təqdim olunsa da, bu iddiaların arxa fonunda ciddi siyasi motivlərin olduğu açıq görünür.
Məsələ ilə bağlı Musavat.com-a danışan tanınmış vəkil Cavad Cavadov deyib ki, Lapşin zaman-zaman belə kampaniyalarda iştirak edir: “Azərbaycan torpaqları işğal altında olduğu zamanlarda Lapşin qanunsuz olaraq həmin ərazilərə səfərlər edir, oradakı separatçı rejimi təbliğ etməklə məşğul olurdu. Buna görə də ona müvafiq cəza verilib. Əvvəlcə ən fundamental faktı xatırlatmaq vacibdir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu mövqe təkcə Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş sənədlərdə də öz əksini tapıb.
Xüsusilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edirdi. Bu sənədlər bir daha təsdiqləyir ki, Qarabağda yaradılmış qurum heç vaxt legitim sayılmayıb. Erməni tərəfinin “girov”, “əsir” kimi təqdim etdiyi şəxslərin əksəriyyəti əslində Azərbaycan qanunvericiliyini pozmuş, separatçı fəaliyyətlərdə iştirak etmiş və ya hərbi cinayətlərdə adı keçən şəxslərdir. Bu kontekstdə adı çəkilən Gevork Sudjyan kimi şəxslərin işi də ayrıca araşdırılmalıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, qanunsuz silahlı birləşmələrin üzvləri və separatçı rejimin təmsilçiləri cinayət məsuliyyətinə cəlb olunublar və bu, beynəlxalq hüquqa tam uyğundur. 1990-cı illərdən etibarən Qarabağda qurulan qondarma rejim təkcə Azərbaycanın ərazi bütövlüyünü pozmaqla kifayətlənməyib, eyni zamanda azərbaycanlı mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törədib.
Bu cinayətlər sırasında etnik təmizləmə siyasəti, kütləvi qırğınlar, mülki şəxslərin qətlə yetirilməsi, şəhər və kəndlərin tamamilə dağıdılması xüsusi yer tutur.
Bu baxımdan Xocalı soyqırımı təkcə Azərbaycan tarixinin deyil, ümumilikdə bəşəriyyətin faciələrindən biri kimi yadda qalıb. Erməni tərəfi Azərbaycanı ittiham etməyə çalışsa da, faktiki olaraq son illərdə baş verən proseslər göstərir ki, əsl hüquqi məsuliyyət separatçı rejimin rəhbərləri və iştirakçıları üzərində cəmlənir. Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş, silahlı müqavimətdə iştirak etmiş və müharibə cinayətlərində adı hallanan şəxslərin saxlanılması dövlətin suveren hüququdur, beynəlxalq hüquqa uyğundur və terrorla mübarizə çərçivəsində legitim addımdır”.
Tanınmış vəkil deyib ki, bəzi hallarda Avropa İnsan Hüquqları Məhkəməsi kimi nüfuzlu institutlardan siyasi təzyiq aləti kimi istifadə etməyə cəhdlər müşahidə olunur: “Bu isə hüququn siyasiləşdirilməsi riskini artırır. Unudulmamalıdır ki, Qarabağ Azərbaycanın suveren ərazisidir; separatçı rejim beynəlxalq hüquq baxımından qeyri-legitim olub. Həmin rejimin iştirakçıları tərəfindən azərbaycanlılara qarşı ağır cinayətlər törədilib və bu cinayətlərin hüquqi qiymətini vermək Azərbaycanın haqqıdır. Bu reallıqlar fonunda irəli sürülən iddialar yalnız hüquqi deyil, həm də siyasi prizma ilə qiymətləndirilməlidir. Aleksandr Lapşin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə – o dövrdə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qarabağ bölgəsinə Azərbaycanın icazəsi olmadan və separatçı rejimin dəvəti ilə səfər edib. Bu isə Azərbaycanın qanunvericiliyinə görə açıq şəkildə hüquq pozuntusudur. Çünki ölkənin suveren ərazilərinə giriş qaydalarını yalnız rəsmi Bakı müəyyən edir və bu qaydaların pozulması cinayət məsuliyyəti yaradır. Lapşin sonradan üçüncü ölkədə saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Bu proses beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilib və Azərbaycanın təqdim etdiyi hüquqi əsaslar qəbul olunub. Bu baxımdan onun tutulması siyasi deyil, konkret hüquqi pozuntuların nəticəsi idi. Hadisədən sonra Aleksandr Lapşin açıq şəkildə Azərbaycana qarşı kəskin və qərəzli mövqe sərgiləməyə başlayıb. Görünür, Azərbaycan dövlətinin ona humanist münasibətindən nəticə çıxara bilməyib”.
Xatırladaq ki, 2016-cı ildə Aleksandr Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə qiyabi olaraq təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aleksandr Lapşin Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 11 sentyabr 2017-ci ildə Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb və bundan sonra o, Bakıdan Tel-Əvivə yola salınıb.
E.Məmmədəliyev
Musavat.com