Bakı, 18 mart, AZƏRTAC
Əməyimin bu cür yüksək qiymətləndirilməsi mənim üçün çox xoş oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında parataekvondoçu İmaməddin Xəlilov “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülməsi ilə bağlı danışarkən deyib.
Paralimpiya çempionu bildirib ki, bu ada layiq görülməsi onun üçün böyük sevinc və qürur mənbəyidir: “Bu xəbər məni çox sevindirdi. Açığını desəm, bunu sanki bayram hədiyyəsi kimi qəbul etdim. İdmançı üçün əməyinin bu cür qiymətləndirilməsi xüsusi önəm daşıyır və əlavə motivasiya verir”.
İ.Xəlilov qeyd edib ki, qarşıdakı yarışlar baxımından bu titul onun məsuliyyətini daha da artırır: “Bir həftədən sonra, martın 25-də Türkiyədə yarışımız var. Bu da mənim üçün əlavə stimul oldu, motivasiyam daha da artdı. Çalışacağam ki, qarşıdakı turnirlərdə daha uğurlu çıxış edim və etimadı doğruldum”.
İdmançı bu uğuru komanda yoldaşı Sabir Zeynalovla bölüşməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Bu uğuru Sabirlə birlikdə qazandım və bu, mənim üçün ayrıca qürurvericidir. Biz eyni yarışlarda çıxış edirik və çox vaxt medallarımızın əyarı da eyni olur. Sadəcə bəzi məqamlarda fərqlər yaranır. Həm məşqlərdə, həm də gündəlik həyatda daim birlikdəyik. Hətta demək olar ki, vaxtımızın böyük hissəsini bir yerdə keçiririk.
Qarşıda daha böyük hədəflər var və bu istiqamətdə işimizi davam etdirəcəyik”.
Qeyd edək ki, İmaməddin Xəlilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının çempionu, həmçinin dünya və ikiqat Avropa çempionudur.