İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı qaz infrastrukturuna zərbə endirib.
Musavat.com xəbər verir ki, məlumatı Tasnim agentliyi yerli hakimiyyət orqanlarına istinadən yayıb.
Bildirilir ki, hücum ölkənin ən böyük Buşehr əyalətindəki qaz emalı zavodunu hədəf alıb.
Agentliyə görə, İranın və dünyanın ən böyük “Cənubi Pars” qaz yatağının bir neçə hissəsinə zərbə endirilib, bir neçə obyekt sıradan çıxıb və yanğın baş verib. Qonşu Əsəluyə şəhərinin qubernatoru agentliyə deyib ki, şəhərdəki neft-kimya müəssisələrinə də ziyan dəyib: "Böhran idarəetmə qərargahı, eləcə də xilasetmə və yanğınsöndürmə qrupları hadisə yerində yanğını nəzarətdə saxlayır. Hazırda işçilər təhlükəsiz yerlərə təxliyə edilib, xilasetmə və yanğınsöndürmə qrupları isə yanğını söndürmək üçün çalışır".
Cənubi Parsda Fars körfəzindəki dünyanın ən böyük yatağından qaz və kondensat emal edən neft-kimya və neft emalı zavodları kompleksi yerləşir.
Bloomberg-in məlumatına görə, 2025-ci ildə Cənubi Oars yatağında gündəlik qaz hasilatı rekord həddə - 730 milyon kubmetrə çatıb.
Agentlik əlavə edir ki, Cənubi Pars-da istehsalın bir neçə mərhələsi dayandırılıb. Bundan əlavə, Əsəlüyə edilən hücum neft-kimya sənayesində istifadə olunan qaz kondensatının tədarükünə təsir göstərə bilər.
Agentlik qeyd edir ki, Cənubi Pars və Əsəluyəyə endirilən zərbələr münaqişənin kəskinləşməsindən xəbər verə bilər, çünki indiyədək ABŞ-İsrail hərbi əməliyyatı zamanı İranın enerji infrastrukturu əsasən toxunulmaz qalıb.
Qeyd edək ki, İran İsrailin bu addımına cavab olaraq Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki neft və qaz infrastrukturuna zərbələr endirəcəyini açıqlayıb. Tehran həmin obyektlərdə işləyənlərin təcili oradan çıxarılamsını tələb edib.
Bu hadisə Avropada qaz qiymətlərinin yüksəlməsinə səbəb olub. Musavat.com xəbər verir ki, Hollandiyadakı TTF mərkəzində aprel fyuçerslərinin qiyməti cari valyuta məzənnələri ilə 1 MVt/saat üçün 1,35 faiz artaraq 52,26 avroya və ya 1000 kubmetr üçün 632,5 dollara çatıb. Halbuki xəbərdən əvvəl qazın qiyməti təxminən 3 faiz düşmüşdü.
İsrail tərəfi hələlik Cənubi Pars-a zərbələrlə bağlı hər hansı açıqlama verməyib.
Musavat.com