AZ

Neftin qiyməti 18.5% endi, strateji valyuta ehtiyatları 19.9% artdı-Azərbaycanın Tədiyə Balansının əsas göstəriciləri necə dəyişib?

2025-ci ilin yekun  tədiyə balansı göstəricilərində ötən ilin sonuna nisbətən xam neftin orta qiymətinin 84.0 dollardan 15.6 ABŞ dolları  yaxud 18.5% azlaraq 68.5 dollara enməsi  xarici sektor göstəricilərinə əsas təsir edən amil olmuşdur.

 

Cari əməliyyatlar balansı 2024-cü ildə 4,671.1 milyon dollar profisit təşkil etdiyi halda, 2025-ci ildə 3,475.1 milyon dollara enmişdir. Beləliklə, 1,196.0 milyon dollar və ya 25.6% azalma qeydə alınmışdır. Bu geriləmənin əsas səbəbi xarici ticarət balansının zəifləməsidir. Belə ki, xarici ticarət balansının profisiti 8,824.9 milyon dollardan 6,378.5 milyon dollara düşərək 2,446.4 milyon dollar və ya 27.7% azalmışdır. Bu dinamika əsasən neft qiymətlərinin aşağı düşməsi ilə izah olunur.

 

Bununla yanaşı, xidmətlər balansında müsbət dinamika müşahidə olunmuşdur. Xidmətlər balansının kəsiri 2,050.8 milyon dollardan 1,659.1 milyon dollara enərək 391.7 milyon dollar və ya 19.1% yaxşılaşmışdır. İlkin gəlirlər balansında da oxşar tendensiya qeydə alınmış, kəsir 2,734.7 milyon dollardan 1,986.4 milyon dollara düşərək 748.3 milyon dollar və ya 27.4% azalmışdır. Bu çərçivədə investisiya gəlirlərinin repatriasiyasının 679.3 milyon dollar (21.5%) azalması xüsusi rol oynamışdır.

 

Təkrar gəlirlər balansı isə əksinə artım nümayiş etdirərək 631.7 milyon dollardan 742.1 milyon dollara yüksəlmiş, yəni 110.4 milyon dollar və ya 17.5% artmışdır.

 

Maliyyə hesabı üzrə ümumi kəsir nisbətən sabit qalmışdır. 2024-cü ildə 5,001.1 milyon dollar olan kəsir 2025-ci ildə 4,963.8 milyon dollar təşkil etmişdir (37.3 milyon dollar və ya 0.7% azalma). Lakin əsas dəyişiklik maliyyə axınlarının strukturunda baş vermişdir.

 

Belə ki, xalis xarici maliyyə aktivləri 2,707.6 milyon dollardan 5,362.7 milyon dollara yüksələrək 2,655.1 milyon dollar və ya 98.1% artmışdır. Bu artım bütün əsas komponentlər üzrə qeydə alınmışdır:

 

birbaşa investisiyalar 22.6%,

 

portfel investisiyaları 165.9%,

 

digər investisiyalar isə 104.8% artmışdır.

 

Bu, ölkənin xaricdə aktiv yerləşdirmə imkanlarının genişləndiyini göstərir.Eyni zamanda, xalis maliyyə öhdəliklərində kəskin struktur dönüş baş vermişdir. 2024-cü ildə 2,293.5 milyon dollar mənfi saldo qeydə alındığı halda, 2025-ci ildə 398.9 milyon dollar müsbət saldo formalaşmışdır. Bu, 2,692.4 milyon dollarlıq yaxşılaşma deməkdir. Xüsusilə portfel və digər investisiyalar üzrə öhdəliklərin azalması bu dinamikanın əsas hərəkətverici qüvvəsi olmuşdur. Ehtiyat aktivləri üzrə isə əks tendensiya müşahidə olunur. 2024-cü ildə 438.1 milyon dollar azalma qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 1,444.1 milyon dollara çatmışdır. Yəni azalma 1,006.0 milyon dollar və ya 2.3 dəfə artmışdır. Bu, strateji valyuta ehtiyatlarından istifadənin intensivləşdiyini göstərir. Bununla belə, ümumi strateji valyuta aktivləri 2025-ci ilin sonuna 14.1 milyard dollar və ya 19.9% artaraq 85.1 milyard dollara çatmışdır. Bu isə ehtiyatlardan istifadə ilə yanaşı, daha iri həcmdə valyuta daxilolmalarının da formalaşdığını göstərir.

 

Xalis səhvlər və buraxılışlar göstəricisinin 106.7 milyon dollar mənfi saldodan 52.5 milyon dollar müsbət saldoya keçməsi  yəni 159.2 milyon dollar artması statistik uçotun keyfiyyətində nisbi yaxşılaşmanı göstərə bilər.

 

Ümumilikdə, 2024–2025-ci illərdə Azərbaycanın tədiyə balansında müşahidə olunan dəyişikliklər enerji qiymətlərinin azalması fonunda belə xarici sektorun dayanıqlılığının qorunduğunu göstərir. Cari əməliyyatlar balansında zəifləmə qeydə alınsa da, maliyyə hesabında aktivlərin əhəmiyyətli artımı və öhdəliklərin strukturunun yaxşılaşması ölkənin xarici maliyyə mövqeyini gücləndirmişdir.

 

Xüsusilə, xalis xarici maliyyə aktivlərinin kəskin artımı və strateji valyuta ehtiyatlarının genişlənməsi Azərbaycanın makroiqtisadi sabitliyinin əsas dayaqlarının qorunduğunu və iqtisadiyyatın qlobal şoklara qarşı yüksək adaptasiya qabiliyyətinə malik olduğunu təsdiqləyir.

 

Müəllif: Aynur Qəniyeva

 

Gdp.az

Tarix: 18 Mart 2026, 17:06   
Seçilən
33
pravda.az

1Mənbələr