AZ

Çanaqqala Zəfəri: Vətənin səsi, qəhrəmanların izində

Bizimyol saytına istinadən ain.az xəbər verir.

18 mart 1915-ci il türk milləti üçün sadəcə bir tarix deyil, eyni zamanda müstəqillik mübarizəsinin ən parlaq simvollarından biridir. Çanaqqala Zəfəri Osmanlı ordusunun və türk millətinin varlıq mübarizəsinin zirvə nöqtəsi, inancın və fədakarlığın rəmzidir. Bu zəfər millətimizin sərhədlərini, şərəfini və azadlığını qorumaq əzmini dünya tarixinə bir daha elan etdiyi gündür. Çanaqqala yalnız bir coğrafiya deyil, eyni zamanda bir ruh, bir tarix və bir millətin qəhrəmanlıq dastanıdır.

Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri / Beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birinci Dünya Müharibəsinin çətin şərtləri altında Osmanlı torpaqları işğal təhlükəsi ilə üz-üzə qalmışdı: “Antanta dövlətləri İstanbulun ələ keçirilməsi ilə Osmanlını müharibədən kənarlaşdırmağı və Yaxın Şərqdə strateji üstünlük əldə etməyi hədəfləyirdi. Gelibolu yarımadasına çıxarma edən düşmən qüvvələri təcrübəli əsgərlərlə və müasir silahlarla təchiz olunmuşdu. Lakin türk milləti torpağını qorumaq üçün tarixə keçəcək bir müqavimət göstərdi. Çanaqqalada yaşanan müharibə yalnız silahların mübarizəsi deyildi; eyni zamanda inancın, vətən sevgisinin və iradənin mübarizəsi idi.

“Mehmetçik hər qarış torpağı qorumaq üçün canını belə əsirgəmədi. Cəbhədə göstərilən cəsarət tarixin heç bir dövründə silinməyəcək bir qəhrəmanlıq nümunəsidir. Düşmən say və texniki imkan baxımından üstün olmasına baxmayaraq türk əsgərinin əzmi və fədakarlığı qarşısında dayana bilməyəcəyini qısa zamanda gördü. Çanaqqaladakı hər səngər yalnız əsgərlərin deyil, bir millətin azadlığa olan inancının rəmzi idi. Hər qanlı toqquşma torpağın hər qarışının dəyərini bir daha göstərirdi.

Zəfərin mənasını yalnız hərbi uğurla ölçmək kifayət deyil. Çanaqqala türk millətinin bir araya gəldikdə nə qədər güclü olduğunu göstərən bir nümunədir. Fərqli coğrafiyalardan gələn əsgərlər eyni inanc və eyni məqsəd uğrunda birləşdi; vətən üçün canlarını fəda etdilər. Bu zəfər yalnız Osmanlı ordusunun deyil, bütöv bir millətin zəfəridir. Xalqın mənəvi ruhu, səngərlərdəki həmrəylik və vətən sevgisi düşmənin üstünlüyünü mənasız etdi. Çanaqqala Zəfəri millətimizin birliyinin və qətiyyətinin konkret göstəricisidir”.

Mehmet Gökhan Özçubukçu

Mehmet Gökhan Özçubukçu qeyd edib ki, zəfərin qazanılmasında Mustafa Kemal Atatürkün liderliyi də unudulmamalıdır: “Atatürk Çanaqqalada göstərdiyi qətiyyət və strateji zəkası ilə həm əsgərləri ruhlandırmış, həm də düşmənin planlarını puça çıxarmışdır. Onun uzaqgörənliyi, cəsarəti və qətiyyəti zəfərin qazanılmasında həlledici rol oynamışdır. Çanaqqala Atatürkün hərbi dahiliyinin ilk böyük göstəricisidir və türk millətinin müstəqillik yolundakı qətiyyətinin simvoludur.

Çanaqqala Zəfərinin digər mühüm tərəfi isə milli şüurun möhkəmlənməsidir. Bu zəfər millətimizə vətənin qorunmasının yalnız əsgərlərin deyil, hər kəsin məsuliyyətində olduğunu göstərmişdir. Qadınlar, yaşlılar və gənclər – hər kəs öz imkanları daxilində müqavimətə töhfə vermişdir. Xalqın səngərlərdəki əsgərlərlə bütünləşməsi vətən sevgisinin sərhəd tanımadığını sübut etmişdir. Çanaqqala bir millətin bütün üzvlərinin ortaq mübarizəsinin zəfəridir.

Zəfərin təsiri yalnız müharibənin bitməsi ilə məhdudlaşmamışdır. Çanaqqala sonrakı illərdə Türkiyə Cümhuriyyətinin qurulmasına aparan prosesin əsas dayaqlarından biri olmuşdur. Millət bu zəfərlə müstəqillik ruhunu və milli kimliyini gücləndirmiş, azadlıq uğrunda verilən mübarizənin əhəmiyyətini daha dərindən dərk etmişdir. Çanaqqala yalnız keçmişin deyil, gələcəyin də müəllimidir; nəsillər boyu azadlıq, müstəqillik və vətən sevgisinin simvolu kimi xatırlanacaqdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr