AZ

İSB-nin təşəbbüsü ilə Ümummilli Liderin 103-cü ildönümünə həsr olunmuş mini-futbol turniri keçiriləcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş sığorta sektoru üzrə mini-futbol turniri təşkil olunur.

“İki sahil” xəbər verir ki, sığorta bazarında fəaliyyət göstərən aparıcı şirkət və qurumların iştirakı ilə keçirilən turnirin əsas məqsədi sektor daxilində əməkdaşlığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və korporativ münasibətlərin inkişafına töhfə verməkdir. 

“QOLAT Sport Services” MMC-nin təşkilatçılığı ilə keçirilən turnirə aprelin 5-də start veriləcək və 12 komanda qələbə uğrunda mübarizə aparacaq. 

Martın 18-də turnirin püşkatma mərasimi keçirilib, iştirakçı komandaların rəqibləri və oyunların cədvəli müəyyənləşdirilib. 

Qeyd edək ki, turnir qrup mərhələsi və pley-off sistemi üzrə keçiriləcək. Qrup mərhələsində komandalar topladıqları xallara əsasən növbəti mərhələyə vəsiqə qazanacaq. Pley-off mərhələsində məğlub olan komandalar turniri tərk edəcək. Yarımfinalda uduzan komandalar isə üçüncü yer uğrunda əlavə oyunda yarışacaq. 

Oyunlar hər biri  20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq və ümumi oyun vaxtı 40 dəqiqə təşkil edəcək. Matçlar AFFA Hakimlər Komitəsi tərəfindən təyin olunmuş hakimlər  tərəfindən idarə ediləcək. 

Turnirin yekununda ilk üç yeri tutan komandalar medallarla birinci yerin sahibi isə  kubokla təltif olunacaq. Bununla yanaşı, ən çox qol vuran futbolçu, ən yaxşı qapıçı və turnirin ən yaxşı oyunçusu da müəyyənləşdiriləcək. 

Seçilən
17
4
ikisahil.az

5Mənbələr