AZ

Borca görə işığı, qazı və suyu kəsilənlərə MÜHÜM XƏBƏR

Bəzi hallarda qaz, işıq və suyun verilişi əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılır. Bu proses bəzən qanunvericiliyə uyğun həyata keçirilsə də, vətəndaşların narazılığına səbəb olur. Hətta belə hallarda abonentlərə əvvəlki illərdən qalan borclarının olduğu da bildirilir.

Day.Az xəbər verir ki, sakinlər deyirlər ki, bu kimi hallarla dəfələrlə qarşılaşıblar. Onların sözlərinə görə, bəzi hallarda əvvəlcədən xəbərdarlıq edilsə də, çox vaxt kommunal xidmətlər xəbərdarlıq edilmədən dayandırılır. Vətəndaşlar hesab edir ki, əvvəlcədən məlumat verilməsi daha məqsədəuyğundur. Çünki maddi çətinliklər səbəbindən ödənişlər bəzən gecikə bilər.

Qanunvericiliyə əsasən, qaz, işıq və su təchizatı bir sıra hallarda dayandırıla bilər. Bunlara borcun vaxtında ödənilməməsi, texniki nasazlıqlar, planlı təmir işləri, qanunsuz qoşulmalar və təhlükəsizlik tədbirləri daxildir.

Bu məsələlərlə bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur. İlk növbədə vətəndaşa xəbərdarlıq edilməli və borcun ödənilməsi üçün ona 30 gün müddət verilməlidir. Bu müddət ərzində ödəniş həyata keçirilməzsə, yalnız bundan sonra xidmət dayandırıla bilər.

Hüquqşünaslar vurğulayır ki, yeni dəyişikliklərə əsasən, xəbərdarlıq edilmədən kəsilən kommunal xidmətlərə görə vətəndaş məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini tələb edə bilər.

Eyni zamanda, xəbərdarlıq edildikdən sonra belə xidmət dayandırılarsa, vətəndaş məhkəməyə müraciət edərək müvəqqəti təminat tədbirlərinin görülməsini də tələb etmək hüququna malikdir.

Elcan Turan
Day.Az

Seçilən
51
day.az

1Mənbələr