AZ

Astanada regional ekokinofestival keçiriləcək

Astana, 18 mart, AZƏRTAC

Aprelin 22-24-də “RES 2026 EXPO” beynəlxalq yaşıl texnologiyalar və dayanıqlı həllər sərgisi çərçivəsində Astanada keçiriləcək regional ekokinofestivala müraciətlər qəbul olunur.

AZƏRTAC xəbər verir ki, festival mədəniyyət xadimləri, ekoloqlar, ekspert icması və dövlət sektoru arasında dialoq platforması kimi xidmət edəcək, film və regionun ətraf mühit gündəliyini bir araya gətirəcək. Festivalın missiyası vizual incəsənət dilindən istifadə edərək Mərkəzi Asiyanın unikal təbii ekosistemlərini, müasir ekoloji problemləri və davamlı ictimai uyğunlaşma nümunələrini nümayiş etdirmək, regionun təbii sərvətlərinə qarşı məsuliyyətli münasibət bəsləməkdir.

Mərkəzi Asiya ölkələrindən və digər ölkələrdən rejissorlar, prodüserlər və müəlliflər festivalda iştirak etməyə dəvət olunurlar. İqlim dəyişikliyi, su ehtiyatlarının mühafizəsi, biomüxtəlifliyin qorunması, ESG transformasiyası və dayanıqlı inkişaf mövzularını əhatə edən sənədli, qısametrajlı və cizgi filmləri müsabiqədə iştirak edə bilərlər. Filmlər mövzularının aktuallığı, bədii keyfiyyəti, təqdimatın orijinallığı və təhsil dəyərinə əsasən seçiləcək. Festivalda aparıcı beynəlxalq və regional kino sənayesi mütəxəssislərinin, kino akademiyalarının nümayəndələrinin və Mərkəzi Asiya ölkələrindən prodüserlərin iştirakı gözlənilir. Ərizələr [email protected] elektron poçtu vasitəsilə qəbul edilir.

Mərkəzi Asiyanın davamlı inkişaf üzrə ən böyük peşəkar platforması olan “RES 2026 EXPO” sərgisi 30 ölkədən 300-dən çox şirkəti, 1500-dən çox nümayəndəni və təxminən 20 min peşəkar ziyarətçini bir araya gətirəcək.

AZƏRTAC “RES 2026 EXPO” beynəlxalq sərgisinin media tərəfdaşıdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
51
1
azertag.az

2Mənbələr