ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aparılan son elmi araşdırmalar çərçivəsində Nizami Gəncəvi yaradıcılığı ilkin mənbələr əsasında yenidən tədqiq olunub, görkəmli şairin əsərlərinin elmi-tənqidi mətninin hazırlanması istiqamətində mühüm nəticələr əldə edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədqiqat Nizami irsinin mətnşünaslıq baxımından daha dəqiq və etibarlı şəkildə təqdim olunmasına, mövcud elmi nəşrlərin yeni əlyazma materialları əsasında yenidən qiymətləndirilməsinə imkan yaradıb.
Araşdırma çərçivəsində institutun fondlarında saxlanılan, paleoqrafik xüsusiyyətlərinə görə XV əsrə aid edilən əlyazma nüsxəsi ilə Əbdülkərim Əlizadənin 1960-cı ildə tərtib etdiyi “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətni müqayisəli şəkildə təhlil olunub. Əlyazma nüsxəsinin “Sirlər xəzinəsi”nin 1362-ci il Paris əlyazmasına daha yaxın olduğu müəyyən edilsə də, bu nüsxədə digər mənbələrdə rast gəlinməyən arxaik sözlər və başlıqların mövcudluğu diqqət çəkib.
Tədqiqat nəticələri göstərir ki, Əlyazmalar İnstitutunda saxlanılan bu nüsxə daha qədim bir mənbəyə söykənə bilər. Müqayisə zamanı elmi-tənqidi mətndə ardıcıllığa uyğun gəlməyən, əlyazmaya sonradan əlavə edildiyi ehtimal olunan beytlər, eləcə də misra və beyt fərqləri müəyyən edilib və elmi əsaslarla şərh olunub.
Əldə edilən bu mühüm elmi yeniliklər “Nizami Gəncəvi. Sirlər xəzinəsi (Məxzənül-əsrar): elmi-tənqidi mətn” adlı nəşrdə öz əksini tapıb.
Qeyd edək ki, tədqiqat işi Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin icraçılığı ilə həyata keçirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.