Son illərdə sosial şəbəkələrin həyatımızda geniş yer tutması psixoloji və sosial təsirlərlə bağlı müzakirələri artırıb. Mütəxəssislər hesab edir ki, bu platformalardan düzgün istifadə olunmadıqda ciddi problemlər yarana bilər.
Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, psixoloq Vəfa Abbasova sosial şəbəkələrin insan psixologiyasına əsasən mənfi təsir göstərdiyini bildirib.
QHT.az bildirir ki, onun sözlərinə görə, sosial şəbəkələr təkcə insanların özlərini reklam etməsi ilə məhdudlaşmır, eyni zamanda istifadəçilərin bu platformalardan səmərəli yararlana bilməməsi problemi mövcuddur. Psixoloq qeyd edib ki, insanlar sosial şəbəkələr vasitəsilə bəzən görmək istəmədikləri həyat tərzləri ilə qarşılaşır və bu da onlarda narahatlıq yaradır.
V.Abbasova vurğulayıb ki, xüsusilə iradəsi zəif olan şəxslər sosial şəbəkələrdə nümayiş etdirilən şişirdilmiş həyat tərzlərinin təsiri altına düşə bilər. Bu isə insanlarda müqayisə hissini gücləndirir, narazılıq yaradır və bəzən yanlış qərarlara səbəb olur.
Psixoloqun fikrincə, sosial şəbəkələrdə təqdim olunan “ideal həyat” görüntüləri ailədaxili münasibətlərə də mənfi təsir göstərir, bəzi hallarda ailə münaqişələrinə və hətta boşanmalara yol açır. O qeyd edib ki, insanlar gördükləri ilə öz həyatlarını müqayisə edərək psixoloji gərginlik yaşayırlar.
Vəfa Abbasova əlavə edib ki, sosial şəbəkələr təkcə gənclərə deyil, həmçinin yaşlı nəslə də mənfi təsir edir. Onun sözlərinə görə, bu təsirlər bəzi hallarda depressiyaya qədər gedib çıxa bilər.
Psixoloq bildirib ki, sosial şəbəkələrdə faydalı və maarifləndirici məzmunun artırılması vacibdir. O, eyni zamanda bəzi platformaların, xüsusilə gənclərə təsiri baxımından riskli hesab olunan tətbiqlərin fəaliyyətinin məhdudlaşdırılmasının müzakirə edilə biləcəyini də istisna etməyib.
Sonda V.Abbasova qeyd edib ki, sosial şəbəkələrdən düzgün və balanslı istifadə olunması həm fərdi, həm də cəmiyyət səviyyəsində psixoloji sağlamlığın qorunması üçün mühüm əhəmiyyət daşıyır.
Zəhra Ağayeva