18 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Göyəçöl kəndində səyyar görüş-qəbul keçirmişdir.
Qəbuldan əvvəl rayon rəhbəri vətəndaşları qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Daha sonra çıxış edən icra başçısı Göyəçöl kəndinin tarixi və inkişafı barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, kənd zəngin tarixi və tanınmış şəxsiyyətləri ilə seçilir. Kənddə din xadimləri, fəlsəfə doktorları, elmlər doktorları və idman ustaları yetişmişdir. Qeyd olunmuşdur ki, kənd məktəbi 1929-cu ildə fəaliyyətə başlamışdır.
Rayon rəhbəri çıxışında kəndin xeyriyyəçilik ənənələrinin də xüsusi qeyd etmiş, yerli xeyriyyəçilərin gördüyü işlərin yüksək qiymətləndirildiyini vurğulamışdır. Həmçinin bildirilmişdir ki, Böyük Vətən müharibəsində 300-dən çox kənd sakini iştirak etmişdir.
Daha sonra söz Masallı Rayon İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərova verilmişdir.
Şöbə müdiri çıxışında Göyəçöl kənd ərazisində görülmüş işlər barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, kəntdə şəhid küçələrinə asfalt örtüyü döşənmiş, daxili küçələrin bir hissəsinə isə (təxminən 1000 metr uzunluğunda) qum-çınqıl tökülərək hamarlanmışdır. Həmçinin sosial həssas qruplara – aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına mütəmadi olaraq yardımlar göstərilmişdir.
Bununla yanaşı, kənd ərazisində 12 ədəd elektrik lampası dəyişdirilmiş, 17 elektrik dirəyi yenilənmiş, 620 metr uzunluğunda elektrik xətti bərpa edilmişdir. Eyni zamanda kənddə yeni dayanacaq quraşdırılmış, 1600 metr uzunluğunda su kanalı təmizlənmişdir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində kənd ərazisində 270 ədəd ağac əkilmişdir. Bundan əlavə, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə onların xatirə lövhələri yenilənmişdir.
Daha sonra rayon rəhbəri vətəndaşlar tərəfindən edilən müraciətləri dinləmişdir.
İlk müraciət edən şəhid atası, şəhid oğlunun başdaşının yenilənməsi ilə bağlı xahişini diqqətə çatdırmışdır.
Növbəti müraciətdə vətəndaş yaşadığı evin yaxınlığında yerləşən işıq dirəyinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdir.
Digər müraciətdə vətəndaş ona məxsus 6 sot torpaq sahəsinə gedən yolun zəbt olunduğunu iddia edərək məsələnin araşdırılmasını xahiş etmişdir.
Sonuncu müraciətdə isə kənd ərazisində yerləşən şəhidlər abidəsinin qarşısına qum-çınqıl tökülməsi və abidənin rənglənməsi ilə bağlı müraciət səsləndirilmişdir.
Rayon rəhbəri bütün müraciətləri diqqətlə dinləmiş, qaldırılan müraciətlərin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə həlli istiqamətində aidiyyəti qurumlara yönləndirilmişdir.