ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İranda son hadisələr hakim elita daxilində ideoloji qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Onun sözlərinə görə, XX əsr boyu və XXI əsrin əvvəllərində İranda dövlət ideologiyasının transformasiyası prosesi müşahidə olunub. T. Zülfüqarov qeyd edib ki, xüsusilə Reza şah Pəhləvi dövründə ölkədə fars-mərkəzli, Sasanilər irsinə söykənən ideoloji xətt formalaşdırılıb.
Sabiq nazirin fikrincə, bu yanaşma təkcə milli identiklik məsələsi olmayıb, eyni zamanda İranın çoxmillətli strukturunda dominantlığın təmin olunmasına xidmət edib.
Tofiq Zülfüqarov vurğulayıb ki, İran İslam İnqilabı bu prosesi dayandırmayıb, əksinə, yeni formada davam etdirib. Onun sözlərinə görə, Ruhullah Xomeyni rəhbərliyində qurulan teokratik sistem formal olaraq dini ideologiyaya əsaslansa da, praktiki olaraq əvvəlki milli-ideoloji xəttin müəyyən elementlərini saxlayıb.
“Yeni ideoloqlar artıq dini arqumentlərdən istifadə etməklə eyni xətti davam etdirirlər. Məsələn, dini fiqurların mənşəyi ilə bağlı narrativlərdə onların şah nəslinə bağlılığı xüsusi vurğulanır”, – deyə o bildirib.
Eks-nazir qeyd edib ki, bu yanaşma uzun illər ərzində qeyri-fars etnik qrupların, o cümlədən türklərin tarixi rolunun kölgədə qalmasına gətirib çıxarıb.
T.Zülfüqarovun fikrincə, son günlərdə baş verən və ideoloji xəttin aparıcı simalarından birinin aradan götürülməsi kimi qiymətləndirilən hadisə təsadüfi deyil. O hesab edir ki, bu, İran hakimiyyətində müxtəlif qruplar arasında gedən mübarizənin göstəricisidir.
“Bu hadisə elita daxilində balansın dəyişdiyini göstərir və yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”, – deyə o vurğulayıb.
Sabiq XİN rəhbəri əlavə edib ki, yaranmış vəziyyət xaricdə fəaliyyət göstərən monarxiya tərəfdarlarının – xüsusilə Reza Pəhləvi ətrafında birləşən qüvvələrin fəallaşmasına səbəb ola bilər.
Onun qənaətinə görə, İran daxilində sosial-iqtisadi problemlərin dərinləşməsi və ideoloji parçalanmanın artması fonunda bu qüvvələr informasiya və siyasi müstəvidə daha aktiv rol oynamağa çalışacaqlar.
Tofiq Zülfüqarov sonda qeyd edib ki, İranda baş verən proseslər təkcə daxili siyasi mübarizə ilə məhdudlaşmır, eyni zamanda regionda qüvvələr balansına da təsir göstərmək potensialına malikdir.
Rasim
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.